Bəzi məmurlara Tarif Şurası şoku
19:42 01-05-2013
SİYASƏT
Bəzi məmurlara Tarif Şurası şoku
Onların daha çox qazanmaq
arzusu niyə gerçəkləşmədi?
Azərbaycanda bəzi məmurların müxtəlif biznes sahələrində pay və söz sahibi olması yeni xəbər deyil. Ölkədə biznesin elə bir qolu və sahəsi yoxdur ki, ora vəzifəli şəxslərin özlərinin və ya yaxınlarının əli çatmasın.
Bəlkə elə buna görədir ki, bəzi ekspertlərin fikrincə, Azərbaycan indi çox az yerdə təsadüf olunan iqtisadi model qoyub ortaya - buna məmur kapitalizmi və bəzən də nomenklatura kapitalizmi deyirlər. Bəri başdan deyək ki, mütəxəssislər iki şeyi ayırmağa tövsiyə edirlər. Biri var, məmurların mülkiyyətə sahib olması, biri də var, onların fəal biznes fəaliyyəti ilə məşğul olması. Dünyada birinci hala təsadüf edilsə də, ikinci hal ən müxtəlif şərtlərlə məhdudlaşdırılır.
Amma Azərbaycanda real mənzərə təsəvvür və təsadüf olunandan bir qədər mürəkkəbdir. Məmurlar çox hiyləgər fənddən istifadə edirlər: onlar özlərinin biznes strukturlarını yaxınlarının adına rəsmiləşdirir və belə görüntü yaradırlar ki, sanki özləri heç bir iqtisadi struktura malik deyillər. Buna görə də onların biznes strukturlarına malik olduqlarını bir çox hallarda sübut etmək çətin olur. Bunun təzahürlərini yalnız köməkçi iqtisadi faktorlarla və nəticələrlə müəyyən etmək olur: ölkədə inhisarçılıq yaranır, azad rəqabət mühiti pozulur, azad biznes fəaliyyəti məhdudlaşır, korrupsiya artır.
Bəs qanunvericilik belə hallara necə münasibət bəsləyir? Ölkənin ali qanununda, digər qanunvericilik aktlarında deputat və məmurların biznes fəaliyyəti ilə məşğul olması yasaqdır. Ona görə də bir qədər əvvəl qeyd etdiyimiz mənzərə meydana çıxır: bəzi məmurlar qanundan yan keçməyə cəhd edir və buna çox asanlıqla nail olurlar. Bir çox hallarda isə hətta qanunların tələblərini nəzərə almırlar.
Ölkədə bəzi vəzifəli şəxslərin pay sahibi olduğu gəlir qaynaqlarından biri də «marşrut biznesi”dir. Müşahidələr göstərir ki, artıq sərnişindaşımada əvvəlki illərlə müqayisədə müstəqil sahibkarların çəkisi kəskin azalıb və indi onlar paylarının böyük hissəsini bəzi ranqlı şəxslərə vermək məcburiyyətində qalıblar. Hazırda marşrut sahibi olan xeyli məmurun olduğu heç kimə sirr deyil.
Bəs bizi bu mövzuda danışmağa nə vadar etdi? Məsələ burasındadır ki, dünən maraqlı bir xəbər yayıldı. Xəbərdə deyilirdi ki, marşrut avtobuslarında gediş haqqının qaldırılması üçün Tarif Şurasına müraciət olunub.
Halbuki bundan iki gün əvvəl yayılan xəbərdə bildirilirdi ki, Tarif Şurası ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinə də yenidən baxıb və onu indiki səviyyədə saxlayıb. Bu barədə Şuranın saytında məlumat verilib. Şuranın qərarı ilə şəhərdaxili, qəsəbədaxili və ya qəsəbələrarası hərəkət edən sərnişinlər üçün qiymət 20 qəpik müəyyən edilib.
Maraqlıdır ki, Tarif Şurasına müraciətində Nəqliyyat Nazirliyi marşrut sahibi olan iş adamlarının istəyini əsas götürüb. Bu da onu göstərir ki, belə bir qiymət artımı təşəbbüsündə marşrut biznesində payı olan bəzi məmurların marağı olub, onlar müxtəlif vasitələrlə belə təşəbbüslər göstəriblər, amma istəklərinə nail ola bilməyiblər.
Onların məqsədinin nə olduğunu isə demək artıqdır: həmin məmurlar «marşrut biznesi”ndən gəlirlərini daha da artırmaq həvəsinə düşüblər, amma Tarif Şurasının saytındakı məlumat onların bu həvəsinin elə həvəs olaraq da qaldığının göstəricisidir.
İndilik onların bu gizli hədəflərinə çatmaması 2013-cü ilin seçki ili olması ilə izah olunur və hesab edilir ki, belə həssas bir vaxtda vətəndaşları yaxından maraqlandıran, onların gündəlik həyat tərzinə təsir edən qiymət artımı hökumətə yeni başağrısı, əlavə narazılıqlar ortaya çıxara bilər.
Ancaq sonrakı dövrdə sərnişindaşımada tariflərin artmayacağını əminliklə qeyd etmək mümkün deyil. Çünki bizdə bəzi məmurlar üçün daha çox qazanmaq, gəlir əldə etmək arzusunun vətəndaşların mənafelərindən çox irəlidə olduğunu hamımız yaxşı bilirik.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50