Ötən ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələ can və mal itkisinə səbəb oldu. Hadisədən 365 gün keçməsinə baxmayaraq, zəlzələnin yaratdığı fəsadlar hələ də göz qabağındadır. Zaman ərzində Kahramanmaraş, Hatay, Adana və s.  bölgələrdə 7 bal gücündə baş verən zəlzələdə yüzlərlə insan doğma evindən, ən əsası sevdiklərindən ayrı düşdü. 

"Unikal" xəbər verir ki, Türkiyə mətbuatı bu dəfə Hatayda uçan yaşayış binasının dağıntıları altından 72 saat sonra anası ilə birlikdə xilas edilən 6 yaşlı Hazal Günerdən yazıb. 

Dağıntılar altından sağ çıxarılan qızcığaz xilasedicilərin su içmək istəyib-istəmədiyi sualına "Xeyr, hələ müayinədən keçməmişəm" cavabı ilə yadda qalmışdı.

Zəlzələdə qardaşını itirən Hazal bu gün ailəsi ilə birlikdə Mersin şəhərində məskunlaşıb. Məktəbəqədər təhsilini burada davam etdirən Hazal böyüyəndə bağça müəlliməsi olmaq istədiyini deyir.

Gülayə Mecid