Sonun başlanğıcı
22:13 02-05-2013
CƏMİYYƏT
Sonun başlanğıcı
Zərdüşt ƏLİZADƏ: "Müxalifətdəkilər "bəlkə də qaytardılar" sevdası ilə yaşayırlar. Sizi
100 faiz əmin edirəm ki, qaytarmayacaqlar".
İfrat radikal müxalifət düşərgəsində saxta birlik görüntüsü yaradan partiya rəhbərlərinin "birincilik" uğrunda mübarizəyə start vermələri onların əsl simalarını cəmiyyətə bir daha açıb göstərir. Prezident seçkiləri öncəsi düşərgə daxilində yaranan müxtəlif formatlı "birlik"lərə nəzər saldıqda onların hansı məqsədlə yarandığını görmək mümkündür.
"Ziyalılar qrupu"nda təmsil olunan şəxslərin ümummilli maraqlar pərdəsi altında gizlənərək şəxsi ambisiyaları uğrunda mübarizə apardıqları bəllidir. "Reneqantlar" dəstəsinin anti-azərbaycançı şəbəkənin təsiri altına düşərək spekulyasiya etmələri və erməni təəssübkeşliyi onların da "siyasi fəaliyyət"ləri barədə tam təsəvvür formalaşdırır.
Aqressiv müxalifət düşərgəsində "birlik" istiqamətində atılan hər bir addımın ciddi fiaskoya uğraması son bir neçə ayın təcrübəsində də öz təsdiqini tapdı. Düşərgədə "vahid namizəd" məsələsinin gündəmə gəlməsi ilə "birlik" formatlarının siyasi yükünün olmadığı üzə çıxdı. "El" hərəkatının rəhbəri Eldar Namazov, eləcə də AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərin prezident seçkiləri öncəsi məxfi görüşləri və bu görüşlərin nəticəsiz yekunlaşması onlar arasında hansısa birgə əməkdaşlığın olacağını şübhə altına aldı. "Siyasətdə nəticənin olmamasının özü də bir siyasətdir" prinsipi ilə hərəkət edən düşərgə təmsilçiləri bununla da ənənəvi müxalifətçilikdən əl çəkə bilmədiklərini bir daha göstərmiş oldular.
Vahid siyasi çətir altında birləşmənin qeyri-mümkünlüyünü başa düşən radikallar seçkiöncəsi müəyyən manevrlər etməkdədirlər. Rüstəm İbarahimbəyovun Milli Şura adını gündəmə gətirməklə bundan siyasi mübarizədə spekulyasiya obyekti kimi istifadə etməyə cəhdi də nəticəsiz oldu. "Yazıçı"nın Milli Şuranın fəaliyyət istiqamətləri və "perspektivləri" barədə açıqlamaları ifrat radikal partiyaların rəhbərləri üçün cəlbedici olmadığından məsələyə soyuq yanaşdılar. Bu dəfə isə Milli Şuraya kimin rəhbər olması məsələsi sual doğurdu. Ümumiyyətlə, müxalifət düşərgəsində "birincilik" məsələsinin daim aktual olması sonda bu kimi təşəbbüsləri mənasızlaşdırır.
Müxalifət daxilində baş verənlər barədə müxalifətçilərin fikirləri də maraq doğurur. Müxalifət düşərgəsində kifayət qədər "staj"lı fiqurlardan sayılan Zərdüşt Əlizadənin bu günlərdə müxalifət barədə söylədiyi fikirlər diqqəti cəlb edir. O bildirib: "Mən müxalifətdən siyasətə gəlmişəm və sonra da siyasətşünas olmuşam. Düşərgədə olduğumdan onların bacarığına bələdəm, müxalifətin ən böyük qüsuru iki vacib amilin yoxluğudur: zəka və vicdan. Zəka yoxluğu nəticəsində müxalifət həmişə strateji səhv edib, bu səhvlər onların taktiki uğurlarını heç də üstələməyib. Təsəvvür edin ki, strateji səhv nəticəsində hakimiyyəti uduzublar, taktiki bir uğurları olub, o da hakimiyyəti 1 illik məngirləmələridir. Beləliklə, taktiki uğurun arzusuyla Mirzə Cəlilin "bəlkə də qaytardılar" hekayəsini hələ də yaşayırlar. Sizi 100 faiz əmin edirəm ki, qaytarmayacaqlar. Neçə dəfə onlar birləşmə cəhdi ediblər, sonda nə olub və kim mənə deyə bilər ki, budəfəki əvvəlkindən fərqli olacaq".
Prezident seçkiləri öncəsi destruktiv müxalifət daxilində aparılan separat danışıqların açılması, formal "birlik" görüntüsü yaratmaq cəhdlərinin effektivsizliyi, eləcə də qarşılıqlı kompromatların artması düşərgədə ciddi kataklizmlərin yaşandığından xəbər verir. Faktiki olaraq, müxalifətçilər bir-birilərinin iç üzlərini açmaqla partiya rəhbərləri arasında qeyri-səmimi münasibətlərin olduğunu göstərmiş olurlar. Şəxsi maraqları naminə bütün müqəddəs dəyərləri tapdalayan və antiazərbaycançı şəbəkə ilə sıx iş birliyinə gedən bu destruktiv dairələr cəmiyyətin diqqətini cəlb etmək üçün hər bir vasitəyə əl atırlar. Milli maraqlar qarşısında məsuliyyət hissi olmayan bu insanlar ictimai rəydə ikrah hissi doğuran ənənəvi təbliğat metodları ilə gündəmdə qalmağa çalışırlar. Unudurlar ki, ənənəvi müxalifətçiliklə qloballaşan dünyada siyasi mübarizə aparmaq qeyri-mümkündür.
Digər Xəbərlər
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51