"Azərbaycan və Rusiya arasında soyuqluğun başlıca səbəbi Moskvanın Ermənistana dəstək verməsidir"
22:15 02-05-2013
CƏMİYYƏT
"Azərbaycan və Rusiya arasında soyuqluğun başlıca səbəbi Moskvanın Ermənistana dəstək verməsidir"
Viktor Barantsev: "Azərbaycanda Rusiya qoşunlarının yerləşdirilməsinə icazə verilsəydi, çox güman ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində 100 faiz öz həllini tapardı"
"Rusiyanın Azərbaycana silah və hərbi döyüş təyyarələrinin satışına qoyduğu qadağa erməni faktoru ilə bağlıdır". Bu sözləri rusiyalı hərbi ekspert, "Komsomolskaya pravda" qəzetinin şərhçisi, istefada olan polkovnik Viktor Barantsev bildirib.
V. Barantsev deyib ki, Rusiyanın Azərbaycana silah və hərbi döyüş təyyarələrinin satışına qadağa qoyması haqda informasiyalar həqiqətdir: "Lakin buna qədər Rusiya Azərbaycana C-300 zenit-raket kompleksləri satıb. Bu, Ermənistan tərəfində böyük narazılığa səbəb olub. Bildiyiniz kimi, Ermənistan Rusiyanın strateji müttəfiqidir. Rusiya və Ermənistan həm ikitərəfli, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlıq edirlər. Azərbaycana zenit-raket kompleksləri və hərbi döyüş təyyarələrinin satışının qadağan olunması Ermənistanla əlaqəlidir. Erməni tərəfi hər zaman Rusiyaya bununla bağlı öz narazılığını bildirib. Onlar Rusiyaya "siz bizim tarixi düşmənlərimizi silahlandırırsınız", - deyə öz narahatlıqlarını bildiriblər".
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqeyi dəyərləndirən V. Barantsevin fikrincə, Azərbaycan və Ermənistan arasındakı münaqişə hər zaman Rusiya üçün ciddi başağrısı olub və indi də başağrısı olaraq qalır: "Rəsmi Moskva istəyir ki, tərəflər ortaq məxrəcə gəlsinlər, bu tarixi problemin həlli yolunu tapsınlar. Lakin hadisələrin gedişatı onu göstərir ki, bu problemin həlli yolu çox uzanacaq. Çünki nə Bakı, nə də İrəvan onlara təklif olunanlarla razı deyillər. Müharibənin başlanma ehtimalı da çox yüksəkdir. Tərəflərdən biri tətiyi çəkən kimi müharibə başlayacaq. Rusyanın Ermənistanla müqaviləsi var. Müharibə başladığı təqdirdə sözsüz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiya Ermənistanı müdafiə edərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək. NATO-da da belədir. Təşkilata üzv olan dövlətlərdən birinə hücüm olan kimi üzv ölkələr öz öhdəliklərini yerinə yetirərək hücuma məruz qalan ölkəyə yardım edirlər".
"Vasitəçi ölkənin tərəflərdən birinə müharibə zamanı dəstək verməsi nə dərəcədə düzgündür?" sualını ekspert belə cavablandırıb: "Rusiya hər zaman bir yol tutub. Rəsmi Moskva əlindən gələni edəcək ki, tanklar siyasətçilərin önünə keçməsin. Ona görə də, Rusiya münaqişənin tənzimlənməsi üçün vasitəçilyi öz öhdəsinə götürüb. Rusiya Dağlıq Qarabağda müharibənin başlanmasının əleyhinədir".
V. Barantsev Rusiya-Azərbaycan münasibətlərində yaranan soyuqluğu belə izah edib: "İki ölkə arasındakı münasibətlərdə yaranmış durğunluq və soyuqluq müvəqqəti xarakter daşıyır. Bu, çox normal haldır. Münasibətlərin yüksək səviyyədə və ya durğun olduğu vaxtlar olur, tərəflər bir-birindən inciyir. Lakin Azərbaycan və Rusiya arasındakı soyuq münasibətlərin ən başlıca səbəbi Rusiyanın Ermənistana yüksək səviyyədə dəstəyi və Ermənistanda rus qoşunlarının mövcud olmasıdır. Bu, Moskva və Bakı arasındakı münasibətlərə ciddi təsir edən faktdır. Əgər Azərbaycanda Rusiya qoşunlarının yerləşdirilməsinə icazə verilsəydi, çox güman ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində 100 faiz öz həllini tapmışdı".
Toğrul
Digər Xəbərlər
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00
2024-11-22 14:56:00
2024-11-22 13:04:28
2024-11-22 12:51:54
2024-11-22 12:37:06
2024-11-22 12:34:00