Günəşdən qaçanlar, yoxsa?...
22:16 02-05-2013
CƏMİYYƏT
Günəşdən qaçanlar, yoxsa?...
Rüstəm İbrahimbəyov camaata təlqin etməyə çalışır ki, yaradacağı Milli Şura köhnə hənadan deyil, lap təzəsindəndir
Ölkədə faktiki fəaliyyətdə olan müxalifət qurumlarının iç problemləri, demək olar ki, hər gün ölkə mətbuatının müzakirə predmetinə çevrilir. Bu da təsadüfi deyil. Bəzi istisnalar olmaqla, yazı müəlliflərinin əksəriyyəti birinci növbədə ölkədə güclü və yüksək səviyyəli müxalifət görmək niyyətindədirlər. Ən azından ona görə ki, bu günki iqtidar dünənki müxalifət idi. Və bu günki müxalifət sabah...
Sahab kim ola bilər? Və olsa, necə olacaq? Yenə dəmi jurnalistləri minik maşınlarının yük yerinə basacaqlar?
Yenə dəmi daxili işlər nazirinin adyutantı əlində tapança Bakının küçələrində adam güllələyəcək? Və heç kim də ona "Gözün üstə qaşın var" deməyəcək? Və ölkə prezidentinə bu barədə sual verəndə "Neyləyək? Bir qəhrəman oğul vurub o biri qəhrəman oğulu öldürüb" deyiləcək?
Əgər ölkə müxalifətinin son dövrdəki "səmərəli" fəaliyyətindən və ya onun işgüzar məhsuldarlığından danışmalı olsaq, onda həmin qüvvənin özünün özünə dair çağırışları önə çəkilməlidir. Çağırışlar nə zaman səslənir? O zaman ki, daxillərində heç kim heç kimi eşitmir və hər kəs düz saydığı istiqamətdə hərəkət edir. İndi məhz bu baş verdiyindən narazılar dəstəsinə rəhbərlik etmək fikrində olan məşhur kinomatoqrafçı mesajı mesaj dalınca, çağırışı çağırış dalınca səsləndirir. Çünki onu heç kəs eşitmir. Amma bu, meydanın ortasına can atanların kar olması ilə əlaqəli deyil. Hamısının eşitmə qabiliyyəti, şükürlər olsun, yerindədir, sadəcə, bu kəslər bir-birilərini eşitmək niyyətində necə olmayıblar, indi də deyillər. Ona görə də Rüstəm İbrahimbəyov onlara təlqin etməyə çalışır ki, yaradacağı Milli Şura köhnə hənadan deyil, lap təzəsindəndir. Amma hənanın tərkibi artıq kristallaşıb və kino sənətkarı bununla ya razılaşa bilmir, ya da razılaşmaq istəmir. Axı, onun fikrincə, indiyə qədər müxalif dəstənin önündə olanlar fərsizlik və iş qabiliyyətindən xali olduqlarına görə dəstəni ələ ala bilməyiblər. Lakin çağırışlar məhsuldarlığı, deyəsən, elə kinomatoqrafçının özünü də çaşqın duruma salıb. Niyəsi odur ki, o, elə hey demokratik qüvvələrə müraciət edir ki, haydı, gəlin bir cərgəyə. Hətta gileylənir ki, kimlərsə bu qayəni düzgün qiymətləndirməyib kənarda gəzməyə üstünlük verir. Yeni ideoloq bildirir ki, hətta çoxdan kölgəyə çəkilmiş, siyasətdən kənarlaşmış partiya və ictimai xadimləri də Milli Şurada görmək istəyir. Sənətkar düşünür ki, belə olduqda Azərbaycan hakimiyyətinə qarşı əsl xalq hərəkatı yaranacaq. Düzdür, hələ heç ictimai statusa malik olmayan əlaqələndirici etiraf edir ki, Şuraya qəbul prosedurunun prinsipləri müəyyən edilməyib və o üzdən də sıralarının genişlənməsi alınmır, işlər ləngiyir. Ardınca da deyir ki, yararlılıq meyarlarını müəyyən etmək məhz bir yerə toplaşdıqda mümkün olacaq.
Amma bu kimi romantizm ruhunu ifadə edən təcrübəli kinomatoqrafçı çox mühüm vasitə və amilləri çaşdıraraq əsl siyasi naşılığa varır. Düzünü deyir ki, heç bir siyasi təşkilatla əlaqəli deyil, sadəcə, birləşdirici missiyanı yerinə yetirir. İstəyir ki, dəstə yığıldıqdan sonra gəlib ona yiyə dursun, daha doğrusu, onu zəfərə aparsın. Di gəl ki, bu artıq romantizm də yox, əsl utopizmdir. Lap Tomas Mor stilində.
Roman Balayanla yeni film çəkməyə başlayan "Səhranın bəyaz günəşi"nin müəllifi məşhur klassikin "Günəş şəhəri" əsərinin təsirindən çıxa bilmir. Belə olmasaydı, "bizim birləşməyimiz cəmiyyətimizin ciddi islahatlara hazır olmasının təzahürüdür" deməzdi. Bu kontekstdə Milli Şuranın müəllifi hətta özünün və silahdaşlarının "tarixi missiyasından" da cidd-cəhdlə danışmazdı.
Əslində, bu adamın inqilab ideyası komediya aləminə daha yaxındır. Müsavat, AXCP, cırtdan təşkilatlar və onların siyasi baxımdan heç bir faydalılıq əmsalı olmayan adamlarla cəmiyyətdə inqilab etmək gülüncdür. Çünki bu cəmiyyətin özündən heç soruşurlar ki, o, kimi və hansı dəyərləri dəstəkləyir? Əlbəttə, yox. Amma onun adından danışmaqda pərgardırlar.
Dəstə pis-yaxşı, az-çox yığılsa da, say bir qədər artsa da heç nə alınmayacaq. Çünki bacarıqsızlıq ucbatından kölgəyə keçmişləri R.İbrahimbəyov zorla meydana gətirir. Lap əsl reanimotoloq kimi. Maraqlıdır, görəsən, Milli Şura adlı yarımhal orqanizm azad nəfəs ala biləcəkmi? Siyasi ciyərlərə bağlanılan süni nəfəs sistemi, görəsən, möcüzəyə yol açacaqmı?
Kinoda bu mümkündür, Azərbaycanın siyasi meydanında isə...
Tofiq Abbaslı
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17