İran prezidenti Mahmud Əhmədinejad həbs olunub?
22:15 03-05-2013
CƏMİYYƏT
İran prezidenti Mahmud Əhmədinejad həbs olunub?
Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, beynəlxalq birliyin İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar cənub qonşumuz üçün bir sıra xoşagəlməz problemlər yaradıb və bu problemlərdən ən qabarığı hakimiyyət daxilində gedən intriqalardır.
İranın ali dini rəhbəri Seyid Əli Xamneyi ilə indiki prezident Mahmud Əhmədinejadın münasibətləri bu baxımdan xüsusilə diqqəti cəlb edir.
Son məlumatlara görə, Tehranda keçirilən 26-cı beynəlxalq kitab sərgisinə qatılan M.Əhmədinejad iqamətgahına qayıdanda onun təhlükəsizlik məsələləri üzrə müşaviri təcili xəbər verib. Müşavirin dediyinə görə, İranın ali dini lideri ayətulla Seyid Əli Hüseyni Xamneyi təcili şəkildə Əhmədinejadı görmək istəyib.İran prezidentinin korteji ali dini liderin iqamətgahına yönələndə maşın karvanına 3 cip qoşulub və onlar dövlət başçısının olduğu avtomobillə mühafizə maşınlarının arasına giriblər. Mühafizəçilərlə prezidentin maşını arasında əlaqə kəsilib və M.Əhmədinejad İran XİN-in binasına aparılıb. Burada Mahmud Əhmədinejadın mühafizəçiləri tərksilah edilib, onların bütün rabitə vasitələri və rasiyaları əllərindən alınıb, prezident isə "İran İslam İnqilabının Keşikçiləri Korpusu"nun ("Sepahe Pasdarane Enqelabe Eslami, Sepah) əks-kəşfiyyat idarəsinin yüksək rütbəli zabitləri tərəfindən dindirilib. Dindirilmə prosesi 7 saat davam edib. M.Əhmədinejadın ifadəsinin alınması əməliyyatına SEPAH-ın təhlükəsizlik və əks-kəşfiyyat idarəsinin rəisi, general Hüsseyn Taebi başçılıq edib.
İddialara görə, M.Əhmədinejad və onun yaxın ətrafı "İrandakı mövcud hakimiyyətin mövcudluğu və stabilliyi, habelə ölkənin təhlükəsizliyi və rifahı üçün təhdid yarada biləcək məlumatlarla sənədləri açıqlamaq cəhdləri"ndə suçlanıblar.
İlkin məlumatlara görə, M.Əhmədinejad 2009-cu ildə keçirilmiş prezident seçkilərində yol verilmiş kobud saxtakarlıqlar və qanun pozuntuları ilə bağlı sənədlərlə videoçəkilişlərin bəzilərinin açıqlanmasına göstəriş veribmiş.
Ekspetlərin müşahidələrinə görə, son aylarda İran prezidenti M.Əhmədinejad ilə ölkənin ali dini lideri ayətulla Seyid Əli Xamneyi arasındakı münasibətlər həddən ziyadə sərinləşib. Bununla yanaşı, M.Əhmədinejad ilə ölkə parlamentinin spikeri, 54 yaşlı Əli Laricani arasında da sərt kuluar mübarizəsi gedir. Mahmud Əhmədinejadın ən yaxın adamlarından biri Səid Mortazəvi bu ilin fevralında həbs olunmuşdu. O, parlament spikeri Əli Laricaninin 4 qardaşından biri, 49 yaşlı Fazel Laricani ilə maliyyə fırıldaqlarında suçlanmışdı. Bu olaydan sonra İran prezidenti ilə ölkə məhkəmə-ədliyə sisteminin rəhbəri, parlament spikerinin qardaşı Sadeq Laricani arasında münasibətlər də pisləşib.
Analitiklər hesab edirlər ki, duruma parlament spikerinin böyük qardaşı, 61 yaşlı Məhəmməd Cavad Laricani də qatılıb. Berkli Universitetinin məzunu olan Məhəmməd Cavad Laricani İrandakı "mühafizəkarlar" düşərgəsinin baş ideoloqlarından biri sayılır.
İranda keçiriləcək prezident seçkilərində Əli Laricaninin namizəd olacağı gözlənilir.
Maraqlıdır ki, Mahmud Əhmədinejadın qısamüddətli həbsi və dindirilməsi ilə bağlı ABŞ mediasından savayı heç bir nüfuzlu informasiya agentliyi, yaxud sayt xəbər verməyib.
Ekspertlər hesab edirlər ki, Mahmud Əhmədinejadın "həbs" xəbəri Birləşmiş Ştatların İrana qarşı apardığı psixoloji savaşın daha bir təzahürü sayılmalıdır.
Politoloq Ərəstun Oruclunun “Unkal”a söylədiyinə görə, “İranda idarəçilik böhranı getdikcə güclənməyə başlayır. Buna görə də bu böhranı aradan qaldırmaq üçün İran özü ölkəyə xarici müdaxilədə maraqlıdır. Yaxud da ki, İrandakı hər hansısa siyasi qruplaşma həmin bu xarici müdaxilədə maraqlıdır. Burada hakimiyyəti zəbt etmiş İslam İnqilabı Keşikçiləri, “Sepah” adlanan qurum və başlıca olaraq onun təmsilçisi Mahmud Əhmədinejad maraqlıdır. İranın daxilində bir siyasi böhran artıq yetişir. İranın nüvə proqramı ilə bağlı tətbiq olunan beynəlxalq sanksiyalar da bu vəziyyəti gərginləşdirir. Bu gün İranın çevrəsinə nəzər yetirsək, görəcəyik ki, İran hər tərəfdən münaqişə əhatəsinə düşüb. Bu da istər-istəməz İranın daxili proseslərinə ciddi təsir edir”.
Ə. Oruclu düşünür ki, bu şəraitdə İran hakimiyyətinin ultra-radikal “Sepah” qanadı daxili ziddiyyətlər baxımından problemin həllini xarici düşmən amili axtarmaqda görür: “Məhz bu səbəbdən görəcəyik ki, İran sanki özünə hər gün yeni düşmən axtarır. İki gün əvvəl İran Türkiyəni raketlərlə vuracağı ilə hədələdi. Son 1-2 ay ərzində İran rəsmiləri mütəmadi olaraq Azərbaycanı hədələyirlər. Bununla da onlar Qərb maraqlarına təhdid yaratmaqla, Qərbi qıcıqlandırmaq istəyirlər”.
Politoloqun sözlərinə görə, digər tərəfdən Böyük Britaniya səfirliyinə qarşı olan son hərəkət çox güman ki, bu gün İranın öz marağından və İranda hakimiyyəti zəbt etmiş qrupun marağından irəli gələn bir addımdır: “İranın ali dini lideri Ayətullah Seyyid Əli Xamneyinin son iki bəyanatında bu özünü daha qabarıq şəkildə göstərib. Birinci halda o, İsfahan Universitetində çıxış edərkən deyib ki, İranda prezident hakimiyyətini baş nazir hakimiyyəti ilə əvəzləmək lazımdır. Bu, artıq daxili münaqişələrin olmasından xəbər verir. Digər tərəfdən isə o bildirib ki, ABŞ və NATO İrana hücum edərsə, öz qarşısında “Sepah”ı görəcək. Maraqlısı odur ki, o, İranın Ali Dini Şurasına daha çox sadiq olan Müdafiə Nazirliyinin adını çəkməyib”.
Fuad
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17