Çexiya Azərbaycan əsilli Gürcüstan vətəndaşı Polad Ömərovu ABŞ-yə ekstradisiya edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Amerika hüquq-mühafizə orqanları “kriminal avtoritet”i sifarişli qətlin təşkilində, çirkli pulların yuyulması, qəsb, reketçilik və bir sıra digər cinayətlər törətmək üçün sui-qəsddə şübhəli bilirlər.
Fevralın 21-i səhər Praqada hava limanında Amerika heyətinə təhvil verilib.
Ömərovun ekstradisiyasına məhkəmədə etiraz etmək cəhdləri uğursuz alınıb.
Gürcüstan vətəndaşlığı olan azərbaycanlı ötən ilin əvvəlində beynəlxalq həbs qərarı əsasında Çexiya polisi tərəfindən saxlanılıb. O vaxtdan Ömərov həbsdədir. Mayın sonunda Praqa Şəhər Məhkəməsi Ömərovun ABŞ-yə, həmçinin onun ekstradisiyasını istəyən Gürcüstan və Qazaxıstana ekstradisiya edilməsinə qərar verib.
Hakim Gürcüstan vətəndaşının ABŞ-yə ekstradisiyasına icazə verilməsini onunla əsaslandırıb ki, bu ölkədə təqiblər siyasi xarakter daşımır və orada təqsirləndirilən şəxslər ölüm cəzası ilə üzləşmir.
ABŞ prokurorlarının iddiasına görə, Ömərov ABŞ-də yaşayan iranlı jurnalist və qadın hüquqları müdafiəçisi Məsumə "Masih" Alinejadın qətlini planlaşdırıb.
Ömərovu ABŞ-də ömürlük həbs cəzası gözləyir.
Nuranə Abbasova