Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq elmi əməkdaşlıq sahəsində növbəti mühüm uğura imza atıb.
"Unikal" xəbər verir ki, Almaniyanın və Avropanın ən nüfuzlu tətbiqi tədqiqat qurumlarından biri olan Fraunhofer İnstitutu ilə AzMİU arasında strateji əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum Almaniyanın Brandenburq Texniki Universitetində keçirilən beynəlxalq tədbir çərçivəsində rəsmiləşdirilib. Sənədi Fraunhofer Keramika Texnologiyaları və Sistemlər İnstitutunun qrup rəhbəri, Brandenburq Texniki Universitetinin professoru Konstanse Çöpe və AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov imzalayıblar.
1949-cu ildən fəaliyyət göstərən Fraunhofer İnstitutu 76 elmi-tədqiqat mərkəzi, 30 mindən artıq əməkdaşı və minlərlə innovativ layihəsi ilə Avropanın ən böyük tətbiqi tədqiqat şəbəkələrindən biri hesab olunur. Enerji texnologiyaları, süni intellekt, maşın öyrənməsi, rəqəmsal infrastruktur, yaşıl enerji, bina fizikası və ağıllı şəhər sistemləri üzrə həyata keçirdiyi layihələr qurumun qlobal nüfuzunu formalaşdıran əsas amillərdəndir.
Memorandum çərçivəsində tərəflər arasında birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, akademik və elmi kadr mübadiləsinin təşkili, doktorantura proqramlarının inkişafı, beynəlxalq qrant layihələrində birgə iştirak və innovativ texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq nəzərdə tutulur.
Əməkdaşlığın əsas istiqamətlərindən biri enerji effektivliyi və dayanıqlı tikinti texnologiyalarının inkişafıdır. AzMİU-nun Azərbaycanın müxtəlif iqlim zonaları üzrə formalaşdırdığı elmi məlumat bazasının Fraunhofer İnstitutunun Passivhaus standartları, nZEB (sıfıra yaxın enerji sərf edən bina) texnologiyaları və enerji modelləşdirmə metodologiyaları ilə inteqrasiyası planlaşdırılır. Bu istiqamətdə aparılacaq tədqiqatların nəticəsində ölkəmiz üçün yeni enerji sertifikatlaşdırma modellərinin hazırlanması nəzərdə tutulur.
Sənəd rəqəmsal tikinti texnologiyaları və Bina İnformasiya Modelləşdirməsi (BIM) sistemlərinin inkişafını da əhatə edir. Tərəflər tikinti sektorunun rəqəmsallaşdırılması, BIM texnologiyalarının enerji modelləşdirmə sistemləri ilə inteqrasiyası və rəqəmsal tikinti idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Memorandum çərçivəsində mühəndis kommunikasiya sistemləri, HVAC texnologiyaları, bina idarəetmə sistemləri (BMS), IoT əsaslı monitorinq həlləri və real vaxt rejimində enerji idarəetmə mexanizmləri üzrə tədqiqatların aparılması da nəzərdə tutulur.
Əməkdaşlığın ən strateji istiqamətlərindən biri isə “ağıllı şəhər” konsepsiyası ilə bağlıdır. Fraunhofer İnstitutunun Almaniyada uğurla tətbiq etdiyi ağıllı şəhər həllərinin Azərbaycan reallıqlarına uyğunlaşdırılması, enerji şəbəkələrinin rəqəmsallaşdırılması, nəqliyyat axınlarının ağıllı idarə olunması, su və tullantı sistemlərinin avtomatlaşdırılması, bərpaolunan enerji mənbələrinin şəhər infrastrukturuna inteqrasiyası istiqamətində birgə tədqiqatlar həyata keçiriləcək.
Bu əməkdaşlığın nəticələrinin Bakı Ağ Şəhər layihəsində, Sumqayıt Kimya Sənaye Parkında və ölkənin müxtəlif regionlarında həyata keçirilən yeni yaşayış məntəqələrinin inkişafında tətbiqi üçün geniş imkanlar yaradacağı gözlənilir.
Memorandum tələbə və müəllim mübadiləsini də əhatə edir. AzMİU-nun mühəndislik, memarlıq, informasiya texnologiyaları və tikinti sahələri üzrə tələbə və tədqiqatçılarının Fraunhofer laboratoriyalarında təcrübə keçməsi, alman mütəxəssislərin isə AzMİU-da həyata keçirilən regional tədqiqatlara cəlb olunması nəzərdə tutulur.
AzMİU ilə Fraunhofer İnstitutu arasında imzalanan bu sənəd universitetin beynəlxalq elmi-tədqiqat məkanına inteqrasiyasını gücləndirən, tətbiqi elm, innovasiya və yüksəkixtisaslı kadr hazırlığı sahəsində yeni imkanlar açan strateji tərəfdaşlığın başlanğıcı kimi qiymətləndirilir


























.jpg)
























