Fransanın paytaxtı Parisdə keçiriləcək 2024-cü il Yay Olimpiya Oyunları ilə bağlı təhlükəsizlik məlumatlarının olduğu USB itib.

"Unikal" xəbər verir ki, Fransanın BFMTV kanalının məlumatına görə, şəhərin Şimal vağzalında Paris bələdiyyəsinin əməkdaşının çantası qatarda oğurlanıb.

Çantanın içində 2 USB disk və bir iş kompüterinin olduğu bildirilib.Qatardan düşən zaman çantasının oğurlandığını görən bələdiyyə işçisi şikayət edib. Sözügedən USB disklərdən birində 2024-cü il Paris Olimpiadası üçün təhlükəsizlik planları olub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Yerli mətbuat bu vəziyyətin Olimpiada üçün təhlükəsizlik zəifliyi yaradıb-yaratmayacağı məsələsini gündəmə gətirib. Olimpiada zamanı Paris Bələdiyyəsinə bağlı 2000-ə yaxın bələdiyyə polisinin xidmətdə olacağı gözlənilir.

Paris 2024 Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.