"Son dövrlərdə erkən yaşda evliliklərin sayı artıb və bu, günümüz ən aktual probleminə çevrilib. Hüquq-mühafizə orqanları tərəfindən qarşısı alınsa da, yenə də ailələr öz aralarında söz kəsdiklərini bildirirlər". 

 Bunu "Unikal"a açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. 

Psixoloqun sözlərinə görə, bu hallarda valideynlər özlərinə bəraət qazandırırlar və övladlarını erkən nikaha sövq edirlər: 

"Bəzən ailə nişanlı olan yeniyetmə qızının hamilə qalmasını əsas gətirərək, tez bir zamanda evlənməsinə şərait yaradırlar. Bunlar danılmaz faktlardır. Və buna görə də onlar tez bir zamanda evləndirilirlər. Bu gizli olsa da həyata keçirilir. Lakin valideynlər düşünmürlər ki, bu onların övladlarında  psixoloji fəsadların  yaranmasına səbəb olur. Bu gün statistikaya əsasən boşanmaların sayının çox olması erkən evliliklə bağlıdır. 

Çünki ölkəmizin müxtəlif zonalarında azyaşlı qızlar zorakı və fiziki  yolla özündən böyük kişilərlə evləndirilməyə məcbur edilirlər. Yeniyetmə qızlara dəfələrlə deyilən "özünü yaşı apar ərə gedəcəksən" ifadəsi belə onlara şüuraltı mənfi təsirlərə, fəsadlara yol açır. Onlar "ərə getmək" arzusu ilə böyüyürlər. Psixoloji olaraq "mən böyüdüm və ailə qurmağa hazıram" deyirlər.  Bu hal onlarda daha çox ilkin aybaşı dönəmindən sonra başlayır. 

Xoitik  düşüncəli valideynlərə görə övladlarımız bu bəlaları çəkirlər. Buna görə də,  tez-tez erkən evliliyin erkən boşanması ilə qarşılaşırıq. Azyaşlı qızlarımızda psixoloji hallarla üzləşdiyi məqamlardan biri də zorakı evlilikdir. Bu zaman onlar evdən qaçmağa və  ya başqa sığınacaq axtarmağa başlayırlar. Bu hallarla hər gün qarşılaşırıq. Bir növ valideynlər qızlarını manipulyasiya edirlər ki, "onlar sənə hədiyyələr gətirəcək", "nişanlı olacaqsan" və b. Lakin bəzi qızlarımız vardır ki,  onlar bu izdivaca qarşı çıxırlar və evdən qaçırlar". 

Gülayə Mecid