Sabahdan Azərbaycanda hava şəraiti dəyişəcək.

Bu barədə "Unikal"a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından 8-i səhərədək şimal-qərb küləyinin qısamüddətə 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir, axşam və gecə bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında da bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 7-si dağlıq ərazilərdən başlayaraq hava şəraitinin dəyişəcəyi, 9-u səhərədək qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var. Sabahdan martın 8-i gündüzədək qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcək. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

***

12:54

Martın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin, gecəyə doğru isə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.