Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə xaricdə yaşayan narkotacirlər tərəfindən ölkəyə göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, tədbirlər nəticəsində Şəmkir rayon sakini, əvvəllər də soyğunçuluq və Rusiya Federasiyasında oğurluğa görə dəfələrlə məhkum olunmuş Şirxan Muxtarov saxlanılıb. Ondan 7 kiloqram marixuana, 600 qram heroin, yarım kiloqram psixotrop maddə metamfetamin və 120 ədəd metadon həbi aşkar edilib.
Araşdırmalar zamanı Şirxan Muxtarovun Şəki rayonuna gələrək burada gizlədilən narkotik vasitələri pul qarşılığında Bakı şəhərinə aparmağa razılaşdığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.