Kərəm Həsənovun müəmmalı "ünvan reyestri" əməliyyatı
21:48 15-05-2013
CƏMİYYƏT
Kərəm Həsənovun müəmmalı "ünvan reyestri" əməliyyatı
Əmlak Məsələləri Dövlət Komitəsinin işi çoxlu suallar yaratmaqdadır
Məlum olduğu kimi, Bakı şəhərinin küçələrində yeni ünvan lövhələri yerləşdirilməkdədir. Amma gələn xəbərlər o yöndədir ki, bu lövhələr artıq indidən sakinləri, poçtalyonları, turistləri, bir sözlə, demək olar ki, hamını çaşdırıb. Məsələn, yaxın günlərədək Xaqani küçəsi 20 olan ünvan yeni lövhədə Xaqani 44-dür. Bütün küçələr boyu belə yeni çaşdırıcı lövhələr vurulub.
Qısası, on minlərlə hüquqi və fiziki şəxsin ünvanları dəyişdirilib - amma onların özlərinin xəbəri olmadan!
"Qeydiyyat vəsiqəmiz, hərbi biletimiz, evimizin mülkiyyət sənədləri yeni ünvanla uyğun gəlmir. Ünvanları dəyişənin kim və ya hansı dövlət qurumu olduğunu da bilmirik. Qabaqcadan hər-hansı izahat işi aparılmayıb. İndi biz nə edək?", deyə Bakının Xaqani və Nizami küçələrinin sakinlər bildirirlər.
Yeni ünvan reyestrini həyata keçirənsə Kərəm Həsənovun sədri olduğu Əmlak Məsələləri Dövlət Komitəsidir. Komitə yaranmış mənzərə ilə bağlı suallara aydınlıq gətirməkdən qaçır və sadəcə, "yeni ünvan reyestrinin ölkə rəhbərliyinin göstərişinə uyğun aparıldığını" deməklə kifayətlənir.
Hə, bir də iddia edilir ki, ünvan lövhələri Avropa qaydalarına uyğun quraşdırılır, bununla bağlı isə çoxsaylı treninqlər, konfranslar keçirilib. Əgər treninqlərin, konfransların keçirildiyi doğrudursa, o zaman yaranmış çaşqınlıqlar nə ilə əsaslandırılır? Bax, bu sualın cavabı da yəqin ki, Kərəm Həsənovun komitəsindən başqa heç kimsəyə aydın deyil.
Bir daha vurğulayaq ki, yeni ünvanlar vətəndaşlar üçün yüzlərlə yeni problemlər yaradıb. Poçt xidmətləri ünvanları necə müəyyən edəcək? Elektron naviqasiya sistemlərində (Google) ünvanlar necə olacaq? Taksi xidmətləri yeni ünvanları necə tapacaq? Vətəndaşların qeydiyyat vəsiqələri necə olacaq? Köhnə ünvanlarla beynəlxalq axtarışda olan şəxslərlə bağlı məlumatlar necə aydınlaşdırılacaq? Möhürlər, ştamplar, hüquqi ünvanlar necə olacaq? və sair və ilaxır məsələlərlə bağlı yaranacaq problemləri kim həll edəcək?
Rəsmi məlumatlara görə, Azərbaycanda 500 mindən çox tikili ünvan reyestrinə daxil deyil. Bunların taleyinə necə aydınlıq gətiriləcək? Beləliklə, bu və ya digər suallar cavabını gözləyir.
Avropa təcrübəsinə gəlincə, insanlarla və ya ailələrlə bağlı nə isə bir yenilik olanda hər bir insan və ailə ayrı-ayrılıqda məlumatlandırılır. Qaranlıq qalan məsələlərlə bağlı bütün suallara cavab verilir.
Azərbaycana gəlincə, ölkə əhalisinin hamısına toxunan yeni ünvan reyestri ilə bağlı əhali qabaqcadan xəbərdar edilməyib. İnsanların suallarına cavab verəcək "Qaynar xətt" xidməti yaradılmayıb və ya hər-hansı telefon nömrəsi, e-mail ünvanı elan edilməyib. Hətta Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytında belə bununla bağlı hər hansı məlumatlandırıcı xəbər yoxdur.
Mövzu ilə bağlı "Unikal"a danışan adının çəkilməsini istəməyən ekspert yaranmış problemləri təbii adlandırıb və bunu Kərəm Həsənovun komitəsinin prosesə hazırlıqsızlığı, üstəlik, işi tələsik şəkildə həyata keçirmək niyyəti ilə izah edib: "Mən bu tələskənliyin səbəbini konkret izah etməyə çətinlik çəkirəm. Amma ümumi götürəndə, müşahidələr hansısa məmurun, dövlət qurumunun hansısa layihəni tələsik, hazırlıqsız yerinə yetirməyə cəhd etməsinin arxasında o layihə üçün ayrılan vəsaiti daha tez əldə etmək və "silmək" niyyəti dayanır. Mən eyni təcrübənin Əmlak Məsələləri Dövlət Komitəsinin "ünvan reyestri" işində də təkrarlandığını bilmirəm, amma Həsənovun komitəsinin bu barədə mətbuatı bilgiləndirməyə həvəsli olmamasının, ictimaiyyətə qapalılığı davam etdirməsinin, ən əsası isə adıçəkilən qurumda korrupsiyanın səviyyəsinin yüksək olduğuna dair ictimai rəydə sabit rəyin formalaşmasının belə düşünmək üçün ciddi əsaslar yaratdığını hesab edirəm".
Ekspert hesab edir ki, əslində bu cür layihələrin həvalə olunduğu dövlət qurumları Avropa təcrübəsinə üstünlük verməlidirlər: "Yəni onlar sifarişçi rolunda çıxış etməli, iş isə ədalətli, şəffaf, obyektiv tenderlərdə qalib gələn peşəkar, təcrübəli şirkətlər tərəfindən icra olunmalıdır. Bizdə isə məmurlar dövlət vəsaitini başqaları ilə paylaşmağa meylli olmadığından işi öz üzərlərinə götürürlər, nəticədə isə ortaya keyfiyyəti aşağı, xərcləri isə yüksək olan iş çıxır".
"Unikal"ın araşdırması nəticəsində isə məlum olub ki, hələ 2007-ci ildən etibarən Azərbaycanda Norveç Xəritəçəkmə Agentliyi - "Statens Cartverk"lə "Azərbaycanın ünvan sisteminin təkmilləşdirilməsi" Layihəsi həyata keçirilməyə başlayıb. Layihənin məqsədi Azərbaycanda ünvan reyestrinin yaradılması və bu reyestrin beynəlxalq tələblərə uyğun səviyyədə aparılmasına kömək etməkdən ibarət olub. Bunun üçün ayrılmış qrant çərçivəsində işlərin 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulurmuş. İlkin mərhələdə (fevral-iyun, 2010) ünvan reyestrinin yaradılmasına dair tam texniki spesifikasiyalar hazırlanacaq ki, burada həmçinin informasiya sisteminin yaradılması və texniki avadanlıqlar üzrə tələblər barədə məlumatlar öz əksini tapmalı imiş, İkinci mərhələdə (iyul, 2010-iyun, 2011) isə ünvan reyestrinin yaradılmasına dair hazırlanmış texniki spesifikasiyalar və tender sənədləri əsasında informasiya sisteminin hazırlanması və tətbiq edilməsi planlaşdırılıbmış. Amma maraqlıdır ki, tender sənədləri əsasında informasiya sisteminin hazırlanmasından bəhs edildiyi halda, araşdırmalarımıza rəğmən bu məsələdə hansı tenderin nə vaxt keçirildiyini və kimin qalib olduğunu müəyyənləşdirə bilmədik.
Və təəccüblənmədik: çünki Azərbaycanda tenderlərin necə keçirildiyini onsuz da bilməyən yoxdur!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-29 12:28:08
2024-12-29 12:26:00
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15