Bakı-Novorossiysk niyə dayandı?
18:42 17-05-2013
CƏMİYYƏT
Bakı-Novorossiysk niyə dayandı?
İlham Şaban: "Bakı-Novorossiysk marşrutu "Transneft" üçün sərfəli deyil"
Azərbaycanla Rusiya arasında Qəbələ RLS-lə bağlı yaranmış soyuqluq tədricən digər sahələrə də sirayət etməkdədir. Və ən çox diqqətçəkən məqamlardan biri budur ki, bu gərginlik ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində baş verir.
Ekspertlərin fikrincə, Rusiyanın Azərbaycanla bağlı planı birmənalıdır: Qərbə inteqrasiya kursu götürmüş Azərbaycanı Rusiyanın təsir dairəsinə qaytarmaq.
Bu niyyətin gerçəkləşməsi üçün isə ilk növbədə ölkədə hakmiyyət dəyişikliyinə nail olunmalıdır.
Görünür, Rusiyada yaradılmış Milyarderlər İttifaqı və Milli Şura ideyasını da bu kontekstdən dəyərləndirənlərin fikirlərində həqiqət çoxdur.
İndiki mərhələdə isə Rusiya Azərbaycanın neft sektorunu hədəfə götürüb. Belə ki Rusiyanın "Transneft" şirkəti Azərbaycan neftinin Rusiya ərazisi vasitəsilə nəqlinin dayandırılması barədə qəbul etdiyi qərarı analitiklər bu addımın davamı kimi qiymətləndirilər.
Neft məsələləri üzrə ekspert İlham Şabanın "Unikal"a bildirdiyinə görə, "Azərbaycan neftinin Rusiya ərazisi vasitəsilə nəqli 18 yanvar 1996-cı ildə iki ölkənin hökumətləri arasında imzalanmış sazişə əsasən həyata keçirilib. Sazişdə ildə 5 milyon tondan az olmamaqla Azərbaycan neftinin Rusiya ərazisi vasitəsilə nəqli nəzərdə tutulub: "Lakin təcrübədə bu göstərici dəfələrlə aşağı olub: "2002-ci ildən indiyədək yalnız 2005 və 2006-cı illərdə tranzitin həcmi 4 mln. tondan çox olub, digər illik göstəricilər isə 2008-ci ildəki 1,39 mln. ton və 2004-cü ildəki 2,77 mln. ton arasında dəyişib. "Transneft" şirkəti bildirib ki, 2012-ci ildə Rusiya ərazisi vasitəsilə 2 milyon ton Azərbaycan nefti nəql olunub: "2013-cü il üçün sifariş 1,8 milyon ton neft təşkil edir. Bu ilin ilk 4 ayında isə 570,5 ton Azərbaycan nefti nəql edilib ki, bu da ötən ilin müvafiq göstəricisindən 13% azdır. Azərbaycan-Rusiya hökumətlərarası sazişində ildə ən azı 5 milyon ton neft nəql olunacağı nəzərə alınaraq 1 ton neftin tranzit haqqı 15,67 dollar müəyyənləşdirilib: "2012-ci ildə Azərbaycan neftinin nəqlindən alına bilməyən tarif haqqı 47 mln. dollar təşkil edib. Ona görə də Bakı-Novorossiysk marşrutu "Transneft" üçün sərfəli deyil. Şirkət Rusiyanın Energetika və Xarici İşlər nazirlikləri ilə əməkdaşlıq şəraitində yaranmış vəziyyətin danışıqlar yolu ilə nizamlanmasına dəfələrlə cəhd edib, lakin bu cəhdlər uğursuzluqla nəticələnib. ARDNŞ konstruktiv dialoqdan yayınıb".
Qeyd edək ki, Rusiya hökuməti Azərbaycan neftinin RF ərazisi ilə tranzitinə dair iki ölkə arasında 1996-cı il yanvarın 18-də imzalanmış sazişin qüvvədən düşməsinə dair qərar qəbul edib. Qərar Rusiyanın baş naziri Dimitri Medvedyev tərəfindən mayın 5-də imzalanıb və mayın 14-də KİV-də dərc olunub.
ARDNŞ-dən bildiriblər ki, Azərbaycan neftinin Rusiya ərazisi ilə indiki şərtlərlə tranzit nəqli 2013-cü ilin sonunadək davam edəcək. Paralel olaraq ilin sonunadək neftin Rusiya ərazisi ilə nəqlinin kommersiya şərtləri ilə həyata keçirilməsi ilə bağlı danışıqlar aparılacaq. Tərəflər arasında bununla bağlı razılıq əldə olunarsa, artıq 2014-cü ildən etibarən Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli kommersiya şərtləri əsasında davam etdiriləcək. Rusiya hökumətinin Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Azərbaycan neftinin Rusiya Federasiyası ərazisindən nəql olunmasına dair 18 yanvar 1996-cı il tarixli Sazişin ləğvi barədə qərarı kütləvi informasiya vasitələrində qeyd olunduğu kimi, siyasi motivli bir qərar deyil, sırf iqtisadi xarakter daşıyır. 1996-cı il 14 fevral tarixində qüvvəyə minmiş həmin sazişdə qeyd olunur ki, tərəflərdən hər hansı biri sənədin hüquqi hökmünün dayandırılması haqqında təşəbbüs göstərməzsə, sənəd avtomatik olaraq daha bir il müddətinə uzadılır.
Məlumata görə, bu müddəaya əsasən, Rusiya tərəfinin çıxardığı qərar sazişin şərtlərinə tam uyğundur. Təqvim ili başa çatmazdan altı ay qabaq sazişin qüvvədə qalma müddətinin dayandırılması haqda xəbərdarlıq edildiyi təqdirdə həmin müddət növbəti ilin 1 yanvar tarixindən etibarən dayandırılır.
"Bu məsələ ARDNŞ üçün gözlənilməz olmayıb. Hər iki tərəf müxtəlif vaxtlarda həllini tapmamış bir sıra məsələləri qaldırıb: Rusiya Federasiyası ərazisindən nəql olunarkən və Novorossiysk limanında saxlanılarkən Azərbaycan neftinin keyfiyyətinin dəyişməməsi, neftin keyfiyyət bankı, daşıma həcmlərinin artırılması, tarif və onun dəyişdirilməsi mexanizmləri.
Rusiya Federasiyası hökumətinin çıxardığı qərar Azərbaycan neftinin dünya bazarlarına daşınması məsələsinə hər hansı mənfi təsir göstərməyəcək. Azərbaycan qısa müddətdə etibarlı ixrac neft-qaz kəmərləri sistemi yaratmağa və diversifikasiya etməyə nail olub.
ARDNŞ Bakı-Novorossiysk neft kəmərinin yerinə yetirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Eyni zamanda Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqlinə dair dövlətlərarası sazişin qüvvəsinin dayandırılması bu kəmərlə Azərbaycan neftinin nəql olunmasının ümumiyyətlə dayandırılması demək deyil. ARDNŞ bu kəmərin Rusiya Federasiyası ərazisində idarəçiliyini həyata keçirən "Transneft" şirkəti ilə kommersiya danışıqlarının davam etdirilməsinə tərəfdar olduğunu bildirir", - deyə açqılamada vurğulanır.
Şakir Osmanlı
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22