Rüstəm İbrahimbəyov kimi tovlayır?
18:44 17-05-2013
CƏMİYYƏT
Rüstəm İbrahimbəyov kimi tovlayır?
Ünlü dramaturq insaların faciəsi üzərində çoxsaylı ssenarilər yazsa da, Azərbaycan siyasətində kukla teatrının ssenaristi belə ola bilmədi
Son ayların "siyasi qəhrəmanı" və müxalif mətbuatın gündə mindən düşməyən Rüstəm İbrahimbəyovun son müsahibələrindən birində Rusiya hakimiyyətini ittiham edən fikirləri və dəyişikliyin ünvanı olaraq qərbi göstərməsi cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Rusiyanın xeyir-duasıyla "Ziyalılar Forumu" yaratdığı şübhə doğurmayan, bunun ardınca onların maliyyəsi ilə "EL" Hərəkatını təsis edən, Rusiyada yaşayan azərbaycanlı oliqarxların iştirakı ilə şərti adı "Milyarderlər İttifaqı", əsl adı isə "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" olan təşkilat yaradan kino aliminin birdən-birə Rusiyaya üz çevirməsi, Putin hakimiyyətini diktator üsul-idarəetmədə ittiham etməsi birmənalı qarşılanmır.
Bəziləri bunu Rusiyadan ona ayrılan maliyyənin kəsilməsi, digərləri isə qərbdən yeni təkliflər alması ilə əlaqələndirir. Əslində təəccüblü bir şey yoxdur. O səbəbdən ki, az-çox siyasətdən başı çıxan hər kəs bilir ki, Rüstəm İbrahimbəyovun bu hakimiyyətdən narazılığının kökündə onun şəxsi maraqlarının təmin olunmaması və şəhərin mərkəzində sahib olduğu qanunsuz obyektin hesabının sorulması faktı dayanır. O, bunu öz müsahibələrində dəfələrlə etiraf edir və hər kəlməsində "Mən bu iqtidara nə etmişdim ki, mənim halal obyektimi əlimdən aldılar" söyləyir. Bu mənada onun maddi maraqlar qarşılığında Rusiyadan da üz çevirməsi, qərbə sığınaraq Rusiyanı təhdid etməsi məntiqlidir. Lakin bir məsələ var ki, Rüstəm İbrahimbəyov bu dəfə böyük ssenaridə yer alıb və hətta o istəsə belə, oyun qaydalarını poza bilməz.
Vladimir Putinin hakimiyyəti bir müddətə siyasi varisi Dmitri Medvedevə ötürməsi və ötür-ötür oyunundan sonra yenidən faktiki olaraq 14 illiyə Kremlin yiyəsinə çevrilməsi Rusiyanın postsovet məkanını nəzarətə almaq və dolayı yolla imperiyanı bərpa etmək cəhdlərini ortaya qoyacağına şübhə yeri qoymurdu. Sovet DTK-nın yetişdirdiyi Putinin ilk işi bu oldu və o Avrasiya İttifaqı" adlı qurumu yaratmağa cəhd etməklə bu istiqamətdə ilk addımlarını atdı. MDB dövlətlərinin hakimiyyətləri qarşısında isə yeni mərhələ başlayırdı. Onlar Putinin tapşırığına "hə" deməli, bununla da Kremldən aldığı dəstəyi təmin etməli idilər. Bu barədə biraz sonra...
Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, o, heç bir qonşu dövlətə qarşı aparılan layihələrdə yer almayacaq və yalnız öz dövlətinin maraqları çərçivəsində siyasət yürütməyə davam edəcək. Bu sıradan bir bəyanat deyildi və istər İrana, istər Gürcüstana, istərsə də Rusiyaya qarşı münasibətdə dəfələrlə öz mövqeyinə sadiqlik nümayiş etdirib. Azərbaycan iqtidarının səmimi və məsafəli xarici siyasətinə qane olmayan bir çox dövlətlər, o cümlədən, Avropa, Rusiya və İran isə bunu həzm edə bilmirdi. Azərbaycanın "Avrasiya İttifaqı" ilə bağlı müzakirələrdə qəti mövqeyinə rəğmən Rusiyanın Qəbələ RLS-dən imtinası və "Bakı-Novorossiysk" neft kəmərinin ləğvi vasitəsilə cavabı belə deməyə əsas verir ki, şimal qonşumuz Azərbaycanda öz mövqelərini möhkəmlətmək və hakimiyyətə qarşı təzyiqlərini işə salmaqla, onu geri çəkliməyə təhrik etmək istəyir. Amma nədənsə tarixi qonşularımız unudur ki, Azərbaycan nə Gürcüstan deyil, nə də Ermənistan. Başqa sözlə ifadə etsək, bizi nə Gürcüstan, nə də Ermənistan kimi forpost ölkəyə çevirmək mümkün deyil və olmayacaq da.
Rusiyanın ölkəmizə qarşı təzyiqlərdə siyasətə heç bir aidiyyatı olmayan, ictimai dəstəkdən tamamilə məhrum bir adamı - Rüstəm İbrahimbəyovu önə çıxarması onların ilk addımdaca məğlubiyyətinin etirafı idi. Ünlü dramaturq insaların faciəsi üzərində çoxsaylı ssenarilər yazsa da, Azərbaycan siyasətində kukla teatrının ssenaristi belə ola bilmədi. Onun Əhməd Oruc və Vüqar Bəyturan kimi gündə bir hərəkat yaratması kinodramaturqu elə bir gülünc səviyyəyə endirdi ki, öz qardaşı Maqsud İbrahimbəyov belə onu qeyri-ciddi fəaliyyətdə ittiham etdi. Əlbəttə, Rusiyanın guya Azərbaycanda dəyişikliklər edəcəyini deyib, bu yolla narazı elektorata sahib olmaq istəyən İbrahimbəyovun arzuları daşa dəyəndə, bu dəfə iz azdırmağa girişdi. Rusiyanın göbəyində oturub, rus hakimiyyətini korrupsiyada ittiham edən yazıçının guya təhlükəsizlik problemi yaşadığını söyləməsi isə əslində erməni sevdasını pərdələmək cəhdi idi. Azərbaycan müxalifətində qərbə bağlı dairələrin inhisarını nəzərə alan Rüstəm İbrahimbəyov onları öz ətrafında birləşdirmək üçün bu dəfə rəsmi Kremli hədəf aldı. Onun bu yolla vaxt qazanması və İctimai Palatanı Milli Şuraya cəlb edib, sonradan açıq simasını göstərmək niyyəti isə bu dəfə də suya düşəcək. Məhz elə bu səbəbdəndir ki, aylardır Rusiyanın sifarişi ilə Milli Şura yaratmaq cəhdləri öz məntiqi sonluğuna çatmır.
Rüstəm İbrahimbəyov səhv seçim idi və tarixdən bilirik ki, qeyri-peşəkar siyasətçilərdən lider düzəltmək cəhdləri heç zaman nəticə verməyib və verməyəcək də. Birdəki Azərbaycanda hakimiyyətin mənbəyi xarici dairələr və onların buradakı emissarları yox, Azərbaycan xalqıdır. Azərbaycan xalqının isə mövqeyi qətidir.
Azər
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27