"Milli Şura ideyası asanlıqla partlaya bilən siyasi sabun köpüyüdür"
18:44 17-05-2013
CƏMİYYƏT
"Milli Şura ideyası asanlıqla partlaya bilən siyasi sabun köpüyüdür"
Mayis Güləliyev: "2013-cü ildə hakimiyyətin dəyişməsinə nə iqtisadi, nə də siyasi zəmin var"
Artıq xeyli müddətdir ki, Milli Şura yaradılması ideyası gündəmə gəlsə də, hələlik ortada konkret bir iş yoxdur. Yalnız gündəmdə qalmaq üçün mətbuata ötürülən informasiyalar, bu və ya digər siyasi dairələrlə aparılan müzakirələrdən uzağa getməyən bu prosesin əslində seçkiqabağı baş qatmaq üçün bir oyun olduğunu da söyləmək mümkündür. Elə əksəriyyət siyasi qüvvələr bu qənaətdədir ki, Milli Şura bir növ prezident seçkiləri ərəfəsində müxalifət düşərgəsində gərginliyi artırmaq, partiyalar arasında ziddiyətlər yaratmağa xidmət edir.
Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev də deyir ki, hələlik Milli Şura ideyası ilə bağlı ciddi iş deyil, dartışma gedir: "Hələ ki, görünən budur ki, iki tərəf bir-biri ilə çarpışır. Birinci tərəf Milli Şuranı yaratmaq istəyən qüvvələrdir. Onlar bu təşkilatın yaradılması üçün cəmiyyətə, xüsusilə müxalifətə çağırışlar edir, Milli Şuranın vacibliyini sübut etmək üçün çalışırlar. Hətta bundan ötrü nəinki ikitərəfli, çoxtərəfli görüşlər keçirirlər, digər tərəf isə hakimiyyət və ona yaxın olan qüvvələrdir ki, Milli Şuranın ziyanlı ideya olduğunu cəmiyyətə çatdırmaqla ondan çəkinməyə və nə qədər mümkünsə, bu ideyanın ziyanlılığını sübut etməyə çalışırlar. Milli Şura ideyasının Kremlin layihəsi, onun tərəfdarlarının isə Rusiya casusu olduqlarını dilə gətirənlər də var".
Partiya sədri qeyd edir ki, Milli Şura ətrafında baş verən bu hadisələr "stəkanda fırtına" ifadəsinin siyasətdə konkret təzahürünü xatırladır: "Bir anlığa başa düşmək istədim ki, Milli Şuranın yaranmasına kim mane olur ki, onun tərəfdarları belə çağırışlar edirlər? Məgər hakimiyyət kiminsə qələmini əlindən alıb ki, Milli Şuranın yaranması üçün vacib olan Əsasnaməni hələ də yazmayıblar? Digər tərəfdən, hansısa müxalifət partiyası və ya sıravi vətəndaş Milli Şura ideyasından gen-bol danışan və Milli Şuranı özününkü etmək istəyən partiyalara qadağa qoyublar ki, məqsəd, vəzifə, fəaliyyət proqramlarını cəmiyyətə açıqlamasınlar? Əlbəttə ki, yox. Bəs nədən onlar narahat olublar və Milli Şuranı yaratmaq əvəzinə, kimlərinsə onlara mane olmasını önə çəkərək vay-şüvən qaldırırlar?"
Mayis Güləliyev bildirir ki, Milli Şura ideyası ilk dəfə ortaya çıxanda bu ideya ilə bağlı ilk fikir söyləyənlərdən olub və sözügedən qurumun perspektivinə inanmadığını söyləyib: "Hələ o zaman bildirmişdim ki, Rüstəm İbrahimbəyov milləti yeni hərəkat arzusu ilə "siyasi qış yuxusuna" verir. Həmçinin qeyd etmişdim ki, 2013-cü ildə hakimiyyətin dəyişməsinə nə iqtisadi, nə də siyasi zəmin var. Azərbaycanda və regionda maraqlı olan qüvvələr, həmçinin Azərbaycan cəmiyyəti indiki hakimiyyətin dəyişməsində maraqlı deyil. İndiki Azərbaycan hakimiyyəti hazırkı regional və lokal ictimai-siyasi şəraitdə həm regionda, həm də Azərbaycanda təhlükəsizliyin təmin edilməsində ən optimal hakimiyyətdir. Rüstəm İbrahimbəyov hansı qüvvələrlə bu hərəkatı formalaşdıracaq? Onun hərəkatında hərəkatçılar məgər azərbaycanlılar olmayacaqlarmı? Əgər belədirsə, onda o, yaxşı olar ki, Azərbaycanda siyasi resursları diqqətlə tədqiq etsin. Bu hakimiyyət bu cəmiyyətin hakimiyyətidir! Nə ondan yaxşısına, nə də ondan pisinə layiq deyil".
Partiya sədrinin sözlərinə görə, Azərbaycanda hakimiyyət dəyişikliyi üçün iqtisadi və siyasi zəmin yalnız 2023-cü ildə yaranacaq: "Bu ona görə deyil ki, mən və mənim kimilər pessimistdir. Xeyr. Bu ona görə belədir ki, elmi yanaşma olmadan əl-ayağa düşənlər və guya nəyisə dəyişməyə cəhd göstərənlər əslində bu hakimiyyətə xidmət göstərib və cəmiyyətin inamını qırıblar. Mən müxalifətin son 20 ildə qırdığı inamın nəticələrinə söykənərək bunu deyirəm. Rüstəm İbrahimbəyov da heç bir siyasi və iqtisadi analiz aparmadan hakimiyyətin dəyişməsini iddia edirsə, bu da yenidən insanların inamının qırılmasına hesablanıb". Bir daha qeyd etmək istəyirəm ki, Milli Şura ideyası seçki ilində müxalifətin bir araya gəlməməsi üçün və parçalanmasına hesablanan, dolayısı ilə hakimiyyətə xidmət edən ideyadır və asanlıqla partlaya bilən "siyasi sabun köpüyüdür".
Fuad
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17