Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin təqdimatı və Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri vəzifəsinə Ceyhun Cəlilov təyin olunub. 

"Unikal" Ceyhun Ramiz oğlu Cəlilovun dosyesini təqdim edir:

Ceyhun Cəlilov 1987-ci ildə Şahbuz rayonunda anadan olub. 2000-2005-ci illərdə Naxçıvan Türk liseyində təhsil alıb.

O, 2005-ci ildə Dövlət İqtisad Universitetinə qəbul olub. 2010-12-ci illərdə Dövlət İqtisad Universitetində magistr təhsili aldıqdan sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyaya gedib. 2012-13-cü illərdə sözügedən layihə çərçivəsində Böyük Britaniyanın Esseks Universitetində magistr təhsili alıb.

Ceyhun Cəlilov əmək fəaliyyətinə 2011-ci ildə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi kimi başlayıb. Bir il sonra – 2012-ci ildə BP şirkətində çalışmağa başlayıb. Ceyhun Cəlilov 2021-ci ilə kimi BP-də müxtəlif vəziflərdə işləyib. 2021-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb. 2021-ci ilin avqust ayından etibarən DOST Agentliyində sədrin müşaviri vəzifəsini tutub.

2023-cü ilin martında isə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunub.