Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Strateji inkişaf məsələləri üzrə prorektoru Araz Aslanlı, layihə meneceri Səidə Məmmədova, Tədris metodiki şöbənin Tədrisin elektron idarə edilməsi üzrə müdür müavini Bəhruz İsgəndərov, Elmi məsələlər üzrə prorektor köməkçisi Şəlalə Zahidova Bakı Biznes Univeristetində (BBU) “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində təşkil olunan  hesabat konfransında iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbirə ölkəmizin 28 ali təhsil müəssisəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyi (DMA), Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya (ƏBSMMMO), həmçinin xarici tərəfdaşlar-Litvanın Mykolo Romero Universiteti, İsveçin Kral Texnologiya Universiteti və Belçikanın EFMD təşkilatından, ümumilikdə 100-dən çox nümayəndə qatılıb. Konfransın gündəliyinə layihə çərçivəsində fəaliyyət göstərən komitələrin fəaliyyət hesabatlarının dinlənilməsi və müvafiq müzakirələrin aparılması məsələləri daxil idi. 

Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov bu universitetdə qonaqlarla görüşdən məmnunluğunu bildirib. “ECAR” layihəsini şərtləndirən göstəricilərdə universitetlərarası milli şəbəkələşmənin, bilik və təcrübə mübadiləsinin, eləcə də qarşılıqlı dəstəyin təşviqi kimi məsələlərin yer aldığını bildirən rektor, iştirakçılara komitələrin fəaliyyəti çərçivəsində  uğurlar arzulayıb. 

Tədbirdə Bakı Biznes Universitetinin (BBU) Universitet-sənaye işbirliyi mərkəzinin direktoru layihə koordinatoru Gülşən Bayramova, Strateji inkişaf məsələləri üzrə komitənin sədri Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) prorektoru Araz Aslanlı, Tədris işləri və keyfiyyət təminatı komitəsinin sədri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru Eldar Aslanov, Elmi işlər üzrə komitənin sədri Bakı Avrasiya Universitetinin (BAU) prorektoru Gülzar İbrahimova, Beynəlmiləlləşmə komitəsinin sabiq sədri Azərbaycan Dillər Universitetinin prorektoru (ADU) Jalə Qəribova və yeni komitə sədri, Bakı Biznes Universitetinin (BBU) prorektoru Eşqin Bayramov,o cümlədən Tələbə və məzunlarla iş komitəsinin sədri Bakı Biznes Universitetinin (BBU) prorektoru Cavidan Heydərovun müvafiq istiqamətlərdə həyata keçirilən fəaliyyətlərin yekun hesabatına dair məruzə- çıxışları maraqla qarşılanıb. 

Hesabat məruzələrindən sonra Erasmus+ Azərbaycan Ofisinin rəhbəri Pərviz Bağırov həyata keçirilən beynəlxalq layihələrin Azərbaycanda ali təhsilin hərtərəfli inkişafı mərhələsinə aydınlıq gətirib.
Layihənin xarici tərəfdaşları- Litvanın Mykolo Romerio Universitetinin  Tədris işləri üzrə prorektoru Regina Valutytė və Belçika EFMD təşkilatının Beynəlxalq layihələr üzrə direktoru Kristofer Terrase tədbirin gedişatında müzakirə mövzusunun əhəmiyyətinə münasibət sərgiləyiblər.