ATƏT cəbhədə monitorinqi separatçı rejimin hərbiçiləri ilə birgə aparır
21:31 22-05-2013
CƏMİYYƏT
ATƏT cəbhədə monitorinqi separatçı rejimin hərbiçiləri ilə birgə aparır
Tanınmamış bir rejimin hərbiçiləri hansı hüquqla Azərbaycanla təmas xəttindəki monitorinqdə iştirak edirlər?
ATƏT mayın 23-də cəbhə bölgəsində, Füzuli rayonunda atəşkəslə bağlı növbəti monitorinqini keçirəcək. Ermənistan KİV xüsusi vurğulayır ki, monitorinq qondarma "Dağlıq Qarabağ Respublikasının hakimiyyət orqanları" nın razılığı ilə baş tutacaq.
Dağlıq Qarabağ və Füzuli istiqamətlərində yerləşən cəbhə xəttində monitorinqində Ukraynanın ATƏT-dəki nümayəndəsi Yevgeni Şarov, Bolqarıstandan Xristo Xristov və adı çəkilən beynəlxalq təşkilatın Yüksək Səviyyəli Planlaşdırma Qrupunun rəhbəri Mik Dolan həyata keçirəcək.
Vaxtaşırı həyata keçirlən bu monitorinqləri KİV-lərdə xəbər lentlərində görmək olur. İlk baxışda atəşkəs dövrünün adi xəbərlərindən biri təsiri bağışlasa da, məlumatlarda qəribə bir detal daim diqqəti cəlb edir. Belə ki, monitorinq zamanı ATƏT nümayəndələrini Azərbaycan ərazisindən milli ordunun zabitləri müşayət etsə də, qarşı tərəfdən erməni separatçı rejimin hərbiçiləri iştirak edir.
Məsələn may ayının 16-da keçirilimiş monitorinqlə bağlı açıqlanmış xəbərlərdə qeyd olunub ki, "ATƏT-in müşahidə missiyasını Qarabağ tərəfədən DQR-in Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin nümayəndələri müşayiət edib".
Bəs bu düzgündürümü? Tanınmamış bir rejimin hərbiçiləri hansı hüquqla ATƏT-in Azərbaycanla təmas xəttindəki monitorinqdə iştirak edirlər? Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin hazırkı rəsmi formatı "Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi" adlanır. Rəsmi Yerevan beynəlxaq sülh danışıqlarında bütün siyasi və hərbi məsuliyyəti öz üzərinə götürərək danışıqlarda Qarabağ ermənilərinin təmsilçisi olaraq çıxış edir. Belə olan halda beynəlxalq təşkilatın bu addımı atması onun vasitəçilik missiyasını sual altına qoyurmu?
ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev məsələyə münasibət birmənalı olub.
"Bu fakt təsdiqini taparsa, bunu ciddi şəkildə pisləyirəm. Hesab edirəm ki, ATƏT öz mandatından belə bir halla kənara çıxır. Çünki söhbət Azərbaycanın işğal altında olan ərazilərindən və konfliktin tərəflərindən gedir. Bütün bu məsələlər yalnız konflikt tərəflərinin iştirakı ilə həll oluna bilər. Separatçı rejim və qeyri-qanuni birliyə isə məsələnin heç bir aidiyyatı yoxdur. Düşünürəm ki, bunu dəqiqləşdirmək lazımdır".
Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə ATƏT-i Qarabağ münaqişəsindən baş çıxara bilməməkdə ittiham edib. "Artıq bu nümayəndələr heç kim tərəfindən idarə olunmayan bir şəxsə çevriliblər. Ona görə də onlardan hər nə desən gözləmək olar. Bu nə ABŞ-ın, nə Rusiyanın nə də Fransanın mövqeyidir. Onlar heç Qarabağ məsələsinin nə olduğunu qanmırlar. Çünki onlar həll məsələsinin mümkün olmadığını başa düşürlər. Ona görə də özlərini artıq işə salmaq istəmirlər"-deyə ciddi şəkildə tənqid edib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, Politoloq Elxan Şahinoğlu hesab edir ki, əgər bu Azərbaycan Xarici İşlər Nazirliyi buna razılıq veribsə o zaman monitorinqin həyata keçirilməsində heç bir problem yoxdur. "Əvvəlcə XİN-in bu monitorinqə razılıq verib-vermədiyini aydınlaşdırmaq lazımdır. Əgər Azərbaycan XİN-in icazəsi ilə bu baş tutacaqsa, o zaman bu normal qarşılanmalıdır. Yox, əgər ATƏT monitorinq qrupu özbaşına Qarabağ separatçıları ilə danışıb o istiqamətdə monitorinq keçirirsə, bu razılaşmanın pozulması deməkdir. Ancaq bir məqamı da nəzərə almaq lazımdır. Onsuz da bu monitorinqlər məsələni həll etmir. Mütəmadi olaraq monitorinq keçirilsə də, yenə snayper savaşı davam edir və hər iki tərəfdən itkilər olur. Bəzən monitorinq keçirənlər özləri də atəşə tuş gəlir"-deyə vurğulayıb.
Hərbiçi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov isə ATƏT-in ünvanına çox sərt və ciddi ittihamlar səsləndirməklə tənqid edib. "Əgər ATƏT qondarma respublikanın hərbiçilərinin müşayəti ilə monitorinq keçirəcəksə, Azərbaycan günü bu gün bu beynəlxalq təşkilata etiraz etməlidir. Çünki faktiki olaraq hər gün erməni həyasızlığının fonunda beynəlxalq qurumların bunlara züy tutmasının şahidi oluruq. Azərbaycan Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in rolu barədə razılığa gəlib. Qondarma qurumun isə monitorinq prosesinə qoşulması artıq beynəlxalq qurumların xristian təəssübkeşliyi fonunda ermənilərə dəstək verməsi anlamına gəlir".
Hərbi ekspertin sözlərinə görə, onsuz da bu monitorinqlərin heç bir xeyri yoxdur. Sadəcə erməni hərbiçilərinin bu monitorinqdə iştirakı bilavasitə Azərbaycanın ön xətdə olan nöqtələrinin düşmənə göstərilməsi deməkdir. "Ona görə də mən bir Azərbaycan vətəndaşı və Qarabağ müharibəsinin iştirakçısı olmuş bir şəxs kimi dövlət rəsmilərindən ATƏT-i yerində oturtmağı tələb edirəm. Bu nə hoqqadır?
ATƏT faktiki olaraq Dağlıq Qarabağ konfliktinin uzadılmasında Ermənistana açıq şəkildə kömək edirlər"-deyə o vurğulayıb.
Aqşin KƏRİMOV
Digər Xəbərlər
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51