İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir.
"Unikal" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nizamnaməsində əksini tapıb.
Xidmət Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində fəaliyyət göstərir. Xidmətin idarəetmə orqanı onun İdarə Heyətidir. İdarə Heyəti Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti beş üzvdən – Agentliyin sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyəti sədrindən və onun dörd müavinindən ibarətdir. Xidmətin nizamnamə fondu 2 400 427 052 (iki milyard dörd yüz milyon dörd yüz iyirmi yeddi min əlli iki) manatdır.