Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 1974-cü il məzunları 50 illik yubileylərini təhsil aldıqları universitetdə qeyd ediblər.
"Unikal" xəbər verir ki, Əmtəəşünaslıq fakültəsinin 964-cü qrupunun məzunları ilk öncə UNEC-in şəhid olmuş tələbə və məzunlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil qoyaraq, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra qocaman məzunlar çay süfrəsi arxasında UNEC rektoru professor Ədalət Muradovla görüşərək, tələbəlik dövrləri ilə bağlı səmimi və maraqlı xatirələrini bölüşüblər. Prof.Ədalət Muradov məzunları UNEC-də görməkdən məmnunluğunu ifadə edərək, bu ənənənin davam etdirilməsinin vacibliyini vurğulayıb. Rektor UNEC məzunlarının universitetin ictimai-sosial həyatında yaxından iştirak etmələri, onların vahid platformada birləşmələri məqsədilə UNEC Məzun Assosiasiyasının yaradıldığını bildirib, UNEC Məzunları Forumunun keçiriləcəyini diqqətə çatdırıb. İqtisad Universitetinin yarandığı 19 iyun tarixinin “UNEC Günü” kimi qeyd olunduğunu deyən rektor, qocaman məzunları universitetin yaranma gününə dəvət edib.
Çay süfrəsindən sonra məzunlar UNEC-in Muzeyində olublar. Məzun vinetkalarının həkk olunduğu xalçanı muzeyə hədiyyə edən Səfər Əliyev Muzeyin xatirə dəftərində ürək sözlərini yazıb. Qocaman məzunlar Oxu zalı, Bloomberg maliyyə laboratoriyası ilə də tanış olduqdan sonra UNEC-dən xoş təəssüratlarla ayrılıblar.