Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir neçə gün ərzində həyata keçirilən əməliyyatlar zamanı paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb. Həmin şəxslərdən 5 kiloqrama yaxın heroin, tiryək və psixotrop tərkibli metadon həbləri aşkarlanıb.
DİN-dən "Unikal"a verilən məlumata görə, idarə əməkdaşlarının apardıqları profilaktik tədbirlər zamanı isə 5 “Kalaşnikov” avtomatı, 3 ov tüfəngi, 5 daraq və 81 ədəd patron vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib. Mülki axtarışda olan 18, müxtəlif cinayət törətdikləri üçün barələrində axtarış elan edilən 8 şəxs saxlanılıb.
Soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışına qarşı keçirilən tədbirlər zamanı 8 obyektdən xəsarət yetirmək təyinatına malik satışı nəzərdə tutulan 312 ədəd bıçaq aşkar olunaraq götürülüb.
Aşkar olunan faktlarla araşdırmalar davam etdirilir.