Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozan 20 yaşlı Bürhan Əsədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, o, insanların istirahət etdiyi Mingəçevir şəhərində yerləşən “Dostluq” parkına nəqliyyat vasitəsi ilə daxil olaraq ictimai qaydanı nümayişkəranə şəkildə pozub və şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri edərək bu əməlini sosial şəbəkədə paylaşıb.
Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə B.Əsədov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs edilib.