Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin icrası zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, həmçinin hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq kompleks tədbirlər həyata keçirilir.
"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə məlumat yayıb.
Bu tədbirlərin davamı kimi, Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə estetik cərrahiyyə və kosmetoloji fəaliyyətlə bağlı daxil olmuş çoxsaylı müraciətlər əsasında tibb müəssisələrinin fəaliyyəti monitorinq edilib, qeyd olunan sahədə qanunvericiliyin tələblərinə riayət olunması istiqamətində birgə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı estetik cərrahiyyələri icra edən, kosmetoloji xidmətlər göstərən ümumlikdə 9 klinika və kosmetoloji mərkəz tərəfindən sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması, yəni əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması halları müəyyən edildiyindən İnzibati Xətalar Məcəlləsinin 192.1, 210.1 və 215.4-cü maddələri ilə tibb müəssisələrinin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında 14 icraat başlanıb.
Bundan başqa, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə uyğun olaraq qanun pozuntularından çəkindirmək məqsədi 8 halda vətəndaşlar və vəzifəli şəxslərə xəbərdarlıq edilib, habelə, həmin Qanunun 23-cü maddəsinə əsasən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün dövlət qurumlarına 7 təqdimat verilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyi tibbi xidmətlərin icra vəziyyətinə dair müvafiq araşdırmaların davam etdiriləcəyini və hüquq pozuntularına yol verənlərin məsuliyyətə cəlb olunacağını bildirməklə, bu sahədə fəaliyyət göstərən tibb müəssisələri və şəxslərdən qanunvericiliyin tələblərinə dönmədən riayət olunmasını tələb edir.