Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Təhminə Həsənovaya hökm oxunub.
"Unikal"ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Eldar Məmmədov məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Təhminə Həsənova “Hyundai İ30” markalı avtomobillə Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində yerləşən 84 nömrəli tam orta məktəbin qarşısında hərəkətdə olan zaman yolun solundan sağına keçən piyada 1964-cü il təvəllüdlü Hüseynov Suliddin Faxrət oğlunu vurub. Məhkəmə Ekspertizası zamanı Təhminə xanımın avtomobili içkili vəziyyətdə idarə etdiyi məlum olub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
T.Həsənovaya qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Azər İsrafilov