İdman Akademiyasının ikinci kurs tələbəsini qətlə yetirməkdə təqsirləndirilən Fateh Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
“Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edib.
Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra müdafiə çıxışı olub və təqsirləndirilən şəxs son söz deyib. Məhkəmə müşavirədən sonra hökmü elan edib.
Hökmə əsasən, təqsirləndirilən şəxs Fateh Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, aparılmış araşdırmalarla 2005-ci il təvəllüdlü Fateh Məmmədovun Nərimanov rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Hikmət Kərimova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Fateh Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, hadisədə öldürülən Hikmət Kərimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kurs tələbəsi idi.
Azər İsrafilov