Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı bildirib ki, Azərbaycanla əldə olunan razılaşmaların sülh müqaviləsinə daxil edilməsinin və onun imzalanmasının vaxtı çatıb. Onun sözlərinə görə, Ermənistan bütün çağırışlara baxmayaraq davamlı və sabit sülhün demokratiyanın arzuolunan mayakı olduğuna inanır.
Deputat Aydın Mirzəzadə sülh müqaviləsinin nə zaman imzalana biləcəyi ilə bağlı "Unikal"a açıqlamasında bildirib ki, hər şey bütün əsas məsələlərin razılaşmasının sona çatmasından asılıdır.
Onun sözlərinə görə, bu, sabah və ya bir ildən sonra da ola bilər: "Məsələ ondan ibarətdir ki, hər iki tərəf sülh müqaviləsinin imzalanmasını istəyir. Doğrudur, Ermənistan tərəfindən vaxtaşırı ziddiyyətli bəyanatlar verilir. Və yaxud əsası olmayan iddialar səsləndirilir. Amma Azərbaycan təmkinlə beynəlxalq hüquqa əsasən öz hüquqlarını, suverenliyini qorumağı bacarır. Baş nazirlərin müavinləri və XİN rəhbərləri səviyyəsində intensiv görüşlər keçirilir. Bu ona gətirib çıxarır ki, tərəflər addım-addım sülh müqaviləsinə yaxınlaşır. Vacib məqamlardan biri bu danışıqların vasitəçisiz keçirilməsidir. Müəyyən müddətdən sonra görüşlər Ermənistan-Azərbaycan sərhədində və yaxud qarşılıqlı razılaşma ilə Tbilisidə də keçirilə bilər".
Anar Kəlbiyev