Əli Həsənovdan Avropaya çağırış
23:37 25-05-2013
CƏMİYYƏT
Əli Həsənovdan Avropaya çağırış
O, Azərbaycanın qərbə üz tutduğunu dedi
"Biz müstəqilliyimizi əldə etdikdən sonra birmənalı şəkildə bəyan etdik ki, Avropa yolunu seçirik.Avropa inkişaf yolu Azərbaycan xalqının maraqlarına tam cavab verir, Azərbaycan xalqının tarixi ənənələrinə uyğundur. Biz gələcək inkişafımızı Avropa dövlətləri və Avropa Birliyi ilə inteqrasiyada görürük". Bu sözləri Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, Azərbaycan müsəlman dünyası ilə xristian dünyasının kəsişdiyi bir məkanda birləşdirici bir ölkədir: "Hər iki sivilizasiyanın dəyərləri, ənənələri Azərbaycanda mövcud idi. Ona görə də müstəqillik əldə edəndə qarşımızda iki inkişaf yolu vardı: ya müasir Avropa cəmiyyətinin dəyərlərini qəbul etmək və Avropa ilə inteqrasiya yolunu tutmaq, ya da müsəlman dünyası ilə sıx inteqrasiyaya getmək. Əlbəttə ki, müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlar var, amma Azərbaycan xalqı, dövləti və onun liderləri Avropa inkişaf yolunu seçdilər".
Ə. Həsənov xatırladıb ki, Azərbaycan artıq 1992-ci ildə Avropa inkişaf yolunu seçib və bu seçim Azərbaycan dövlətinin siyasətində, Konstitusiyasında və dövlət quruculuğu ilə bağlı bütün sənədlərdə öz təsdiqini tapıb.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan özünün gələcək təhlükəsizlik modelini NATO-nun və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkibində görmür, Bakı tərəfsiz ölkələr blokuna qoşulmaq yolunu seçib və bu iki təşkilatla da tərəfdaşlıq edərək özünün bitərəf təhlükəsizlik yolunu davam etdirir: "Bu, o demək deyil ki, Azərbaycan gələcəkdə seçimini dəyişməyəcək və ya dəyişə bilməz. Seçim istənilən zaman dəyişə bilər. Azərbaycanın milli maraqları burda həlledici amildir, milli təhlükəsizlik maraqları sabah tələb etsə ki, NATO-ya qoşulmaq lazımdır, deməli, belə olacaq. Yaxud, milli maraqlar Azərbaycanın KTMT-da iştirakına yenidən baxılmasını tələb edəcəksə, deməli, o məsələyə baxılacaq. Yəni bizim təhlükəsizlik, enerji, iqtisadi, siyasi, sosial maraqlarımız Azərbaycan xalqının ehtiyaclarından, onun maraqlarından doğur və ona əsaslanır". Şöbə müdiri Almaniya ilə münasibətlərə də toxunaraq deyib ki,biz gələcəkdə də Almaniya ilə münasibətlərimizi davam etdirmək istəyirik. Almaniya Avropanın ən böyük dövlətlərindən biridir, Avropa Birliyində həlledici rola malikdir. Avropanın digər qurumlarında bu ölkənin həlledici rolu var. Avropa ölkələrinin bugünkü maliyyə böhranından çıxarılmasında, onların ümumi inteqrativ xətt ətrafında daha sağlam mövqelərdə bərqərar olmasında Almaniyanın rolu danılmazdır. Biz bu rolu tanıyırıq. Amma eyni zamanda Avropa və Almaniya ilə münasibətlərdə bizim bir əsas şərtimiz və tələbimiz var. Bu da Azərbaycanın milli maraqlarının nəzərə alınması, ölkəmizin müstəqil siyasətinin dəstəklənməsi, xalqımızın seçiminə və iradəsinə hörmətlə yanaşılmasıdır. Hesab edirəm ki, bu prinsiplər qətiyyən bizim münasibətlərimizə ziyan gətirmir, əksinə, eyni prinsiplərlə biz də Avropa xalqlarının siyasətinə hörmətlə yanaşırıq.Şöbə müdiri çıxışında həmçinin ABŞ-in ölkəmizdə ki, səfirini də tənqid edib:-"Azərbaycan dövlətinin müstəqil siyasəti xalqımızın iradəsi və milli maraqları üzərində qurulub. Biz müstəqillikdən sağa-sola bir addım çəkildikdə, deməli, dövlətimizin maraqlarını haradasa qurban vermiş oluruq". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin birgə təşkil etdiyi "Gənclərin dövlətin ictimai-siyasi həyatında rolu" mövzusunda seminarda çıxışı zamanı deyib.
PA rəsmisinin sözlərinə görə, müxalifət deyir ki, ABŞ-ın dediyini niyə etmirsiniz? "ABŞ səfiri müxalifəti bir yerə yığır və deyir ki, biz iqtidara bunları dedik, iqtidar etmədi. Dərhal ondan bizə qarşı istifadə edirlər".
Bəzi dövlətlərin Azərbaycandan tələbləri məsələsinə toxunan PA rəsmisi deyib: "Azərbaycan Xəzərdə enerji resurslarını çıxarıb, xaricə satıb, dövlətimizin ehtiyaclarını ödəməkdən başqa, həm də Qazaxıstan, Türkmənistan neftini Xəzər üzərindən daşıyıb xaricə aparır. Azərbaycan burada tranzit funksiyasını yerinə yetirir. Bu tranzitdən Azərbaycan orta hesabla 1 milyard dollara qədər pul qazanır. Bəzi dövlətlər bizə opponentlik edib, ölkəmizin əleyhinə gedirlər ki, həmin tranziti özləri həyata keçirsinlər. Azərbaycan xalqı nə etməlidir? Onların fikrincə, biz əkinçiliklə məşğul olmalıyıq. Bu daşınma isə onların olmalıdır. Deməli, onun marağını təmin etdiksə, Azərbaycanın marağından bir addım çəkildik".
Həsənov bildirib ki, bəzi dövlətlər Azərbaycana qoşun yerləşdirmək istəyindədirlər: "Biz isə deyirik ki, sənin bu istəyin Dağlıq Qarabağ probleminin həllinə kömək edəcək, ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, yaxud da gələcəkdə pozulmasının qarşısını alacaq? Deyirlər ki, biz o məsələyə qarışmırıq. Onda niyə hansısa xarici ölkəyə öz ərazimi qoşun saxlamaq üçün verməliyəm? Bəzi dövlətlər deyir ki, Bakı-Tbilisi- Ceyhan neft kəməri yetərli deyil, indi TANAP çəkirik. Niyə? Çünki onun burada tranzit maraqları var. Hesab edin ki, biz öz pulumuzu ona verməliyik".
PA rəsmisinin sözlərinə görə, bəzi dövlətlər Azərbaycanda 1991-1993-cü illərdəki ab-havanı istəyirlər: "Kim harada, necə, nə cür istəyir, toplaşsın, mitinq keçirsin, yolu bağlasın, mağazalara hücum etsin. Belə cəmiyyət istəyirlər. Niyə deyirlər ki, Azərbaycandakı demokratiya bizi qane etmir? Çünki biz məsuliyyətli demokratiya tələb edirik. Biz deyirik ki, insan hüquqlarının balansı olmalıdır. Bir insanın hüququ başlayan yerdə, digərinin hüququ bitir. Balans hakimiyyətin əlindəki idarəçilik resursudur. Əgər bir qrup insanın istirahət etdiyi yerdə başqa bir qrup insan mitinq keçirmək istəyirsə, mütləq onun balansı tapılmalıdır. O yerdə mitinq keçirilməlidir ki, orada insanların istirahət hüququ pozulmur. Yaxud da bir insanın fərdi arzusu ictimai arzudan üstün tutulmamalıdır. İlham Əliyevin daxili siyasətinə, demokratiyaya, siyasi plüralizm məsələlərinə onların iradı bundan ibarətdir".
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-28 20:53:11
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34