İran Prezidentinin helikopterinin qəzaya uğradığı yer dəqiq müəyyən edilib.

"Unikal" İranın dövlət agentliyi İRNA-ya istinadən xəbər verir ki, bunu Şərqi Azərbaycan Ordusunun SEPAH komandanı deyib.

"Bir neçə dəqiqə əvvəl qəza yerində helikopterdən və ekipaj üzvlərindən birinin mobil telefonundan siqnal daxil olub.

Hazırda biz bütün hərbi qüvvələrlə sözügedən bölgəyə yola düşürük və ümid edirəm ki, xalqa müjdə verəcəyik".

*** 18:10

İran Prezidenti İbrahim Rəisinin vəziyyətinin yaxşı olduğunu yazan "Mehr" agentliyi məlumatı silib. 

"Unikal" xəbər verir ki, Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, içərisində İran Prezidentinin olduğu helikopterdən hələ heç bir məlumat yoxdur. 

Medianın yazdığına görə, helikopterlə qısa bağlantı yaradıldıqdan sonra əlaqə kəsilib. Əlaqə zamanı qışqırıq səsləri eşidilib. 

*** 18:06

İran prezidentinin vəziyyəti yaxşıdır, kortejdə avtomobillə Təbrizə gedir.

"Unikal" xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

*** 17:31

İran prezidenti İbrahim Rəisini daşıyan helikopter hələ də tapılmayıb.

"Unikal" İran mediasına istinadən xəbər verir ki, helikopter meşəlik əraziyə düşüb. Qəzaya uğrayan helikopteri axtarmaq üçün havaya pilotsuz uçuş aparatları (PUA) qaldırılıb.

*** 17:16

İran prezidenti İbrahim Rəisini daşıyan helikopter Azərbaycanla sərhəddə yerləşən Culfa şəhəri yaxınlığında - Şərqi Azərbaycanda Varzeqanda “çətin eniş” edib.

"Unikal" xəbər verir ki, bu abrədə İran dövlət televiziyası məlumat yayıb. 

Bildirilib ki, çətin hava şəraiti xilasedicilərin İran prezidentinin helikopterinin sərt eniş yerinə daxil olmasını çətinləşdirir.

İran mediası yazır ki, qəzadan sonra İran prezidentinin telefon danışığı olub və bu, onun və təyyarədəki digər şəxslərin sağ olduğuna dair ümidlər yaradır.

Qəzanın baş verdiyi Şərqi Azərbaycan əyalətində qatı duman səbəbindən helikopter hələ də tapılmayıb.

Helikopterdə ümumilikdə 13 nəfərin olduğu bildirilir. 

*** 17:03

İran prezidentini İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, helikopter sərt eniş edib. Hadisə yerinə xilasedici qruplar göndərilib.

İran mediası yazır ki, karvanda 3 helikopter olub.

Bəzi nazirləri və rəsmiləri daşıyan iki helikopter sağ-salamat təyinat yerinə çatıb.

Prezidentin olduğu helikopterdə Təbrizin imamı Ayətullah əl-Haşim və xarici işlər naziri Əmir Abdullahianın da olduğu bildirilir.