Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.

"Unikal" xəbər verir ki, mayın 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Zərdab və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.

DGK sədri qəbuldan öncə Ağcabədi şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Zərdab və Xocavənd rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.