Kazimirov yenə dirildi
19:25 30-05-2013
CƏMİYYƏT
Kazimirov yenə dirildi
Ermənistanın mövqeyini yenə müdafiə edərək
Uzun müddət idi ki, Vladimir Kazimirov haqqında məlumat gözümə dəymirdi. Düzü, elə bilirdim ki, ölüb. Lakin ötən həftə birdən-birə Yerevandakı sponsorları ilə sövdələşərək onun adından nə istəsələr yazmağa razılıq verməsi xəbərini aldıqdan sonra düşündüm ki, belə xislətli adamlar adətən çox yaşayırlar.
1992-1996-cı illərdə Minsk qrupunun həmsədri olmuş Kazimirovun sağlam düşüncə və məntiq cəhətdən böyük problemlərinin olması müxtəlif mətbuat səhifələrində dəfələrlə səslənmişdir. Kazimirov özü də bunu yaxşı bilir. Çünki bu cəhətləri onu gəncliyindən müşayiət edir. Amma son vaxtlar yaşı ilə əlaqədar qocalıq mərəzi təqaüddə olan bu diplomata siyasi şizofreniya xəstəliyini də əlavə edib. Kazimirov çox çalışır ki, özünü ağlı başında olan sağlam adam kimi göstərsin, lakin atdığı addımlar bunun əksini nümayiş etdirir.
"Vladimirin üç yaşı olanda atası ailəsini tərk etmiş, anası mətbəədə fəhlə işləmişdir. Özü etiraf edir ki, baxımsız bir yeniyetmə olmuş, məktəbdə birtəhər oxumuşdur. Pis davranışına görə anasını tez-tez məktəb direktoru yanına çağırır, bir məktəbdən digərinə keçirirdilər" (viperson.ru). İnsan öz təbiətinə qarşı hərəkət etməyə və özünü ziyalı kimi göstərməyə nə qədər çalışsa da ailədə yarımçıq tərbiyə öz təsirini göstərir.
SSRİ Hitlerin başladığı müharibə nəticəsində Almaniyanı uzun illər işğal altında saxlayan ölkə olub, amma bu o deməkdirmi ki, İkinci Dünya müharibəsinin günahkarı bizik, - deyə axmaq bəyanat verən qoca təqaüdçü artıq anlaya bilmir ki, onun beyni hipertrofiya nəticəsində artıq funksiyasını itirib. Kazimirov təxminən 10 il əvvəl Bakıya bir konfransa gəlmişdi, orada da iki saat müddətində özünü fiziki cəhətdən idarə edə bilmədi.
Bu xəstə qocanın sayıqlamalarına əsaslanaraq, qədim Azərbaycan torpağı olan Naxçıvanın hələ eramızdan əvvəl VI əsrdə erməni çarlarına aid olduğunu iddia edən havadarları elə şəxsiyyətini, mənliyini itirmiş Kazimirova tay olduqlarını nümayiş etdirirlər. Qəribə məntiqdir, bu xəstə təxəyyülün uydurmasını nəzərə alsaq, görəsən, eramızdan əvvəl VI əsrdə dünyada daha nələr baş verirdi?!
Kazimirov bir gündə birdən-birə müxtəlif formalarda "ürəyini boşaldıb". Etibarlı mənbədən məlum olub ki, əslində bütün borclarının əvəzində razılaşıb ki, erməni dostları özləri materialları onun adından hazırlasınlar. Belə də olub. Qoca "diplomat", deyəsən, artıq tamam funksiyalarını itirib. İndi onun bacardığı yeganə iş hərdənbir ermənilərin sponsorluğu ilə onların mövqeyini nümayiş etdirən və Azərbaycanı nüfuzdan salmağa iddialı olan müsahibə və ya məqalələridir ki, onu da özü reallaşdıra bilmir.
Pula görə hər addımı atmağa razı olan Kazimirovla sövdələşməni yaxşı fürsət hesab edən erməni havadarları elə sevincək olublar ki, bir fikri dəfələrlə çeynəyə-çeynəyə bir neçə yazıda təkrarlayırlar. Bu, göstərir ki, təkcə Kazimirov yox, elə sövdələşib yazanlar da xəstə təxəyyüllüdürlər. Artıq düz 20 ildir ki, Kazimirov Ermənistan XİN-nin Rusiyadan olan muzdlu agenti kimi fəaliyyət göstərir. Belə diplomatlar nəticə çıxara bilmirlər ki (çünki iflic təfəkkürlə yaşayırlar), Rusiya üçün bütün problemləri əslində onlar yaradırlar. XX əsrin ən böyük fəlakətinin səbəbkarlarından biri elə Kazimirovdur. O, indiki ahıl yaşında şizofrenikliyi ilə fəxr edə bilər.
Kazimirov özünü diplomatiya ağsaqqalı kimi təqdim etmək iddiasında olsa da yalan, böhtan dolu qərəzli, məkrli fikirləri ilə qazanmaq hərisliyi onu şərəf, ləyaqət, ədalət, haqq kimi dəyərlərdən də məhrum edib.
Kazimirovun şəxsi saytında belə bir məlumat verilir ki, diplomatik fəaliyyət müddətində Cənub-Qərbi Afrikada münaqişələrin tənzimlənməsində iştirak edib. Eyni zamanda, Kosta-Rika, Venesuela, Anqolada səfir işləmiş XİN-in veteranlar şurasının sədrini nədənsə yalnız Dağlıq Qarabağ düşündürür. Yəni, 20 ildən çox işlədiyi, özünün dediyi kimi, regiondakı münaqişələrin həll olunması üçün səy göstərən bir keçmiş səfiri niyə cəmi 4 il yarıtmaz fəaliyyətlə yadda qaldığı Dağlıq Qarabağ münaqişəsi maraqlandırır?! Həmin Afrika və Latın Amerikası ölkələrində indi də müəyyən problemlər qalır. Bəs niyə bu yarıtmaz qoca həmin proseslərə heç bir qiymət vermir? Olmaya Azərbaycan torpağı Kazimirova Afrikadan daha əzizdir? Bütün ictimaiyyət üçün həqiqi mətləb aydındır. Onu sərsəm-sərsəm danışdıran erməni pullarıdır. Əks halda Kazimirovun şəxsi saytı Daşnaksutyun partiyasının nizamnaməsini xatırlatmazdı. Bu saytla tanışlıqdan aydın olur ki, Kazimirovun bütün həyat və fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdur. Erməni havalarına çalıb-oxuyan bu qoca sanki nə 20 ildən çox Latın Amerikası və Afrikada işləyib, nə də başqa bir işlə məşğul olub. İnanmayanlar bircə dəfə onun şəxsi saytına (www.kazimirov.ru) müraciət etsələr, dediklərimizin şahidi olacaqlar.
Kazimirov artıq son günlərini yaşadığını hiss etdiyindən daxilində illərlə yığılıb qalmış üfunəti, çirkabı, məkrli niyyətləri nümayiş etdirməyi, yəqin ki, özünün muzdlu fəaliyyətinin borcu hesab edib. Özü heç nə deməyib. Axı normal danışa bilmir, ona görə də erməni dostlarına ona istinad edərək nə istəyirlər, onu da yazmağa razılıq verib. 1992-ci ildən ermənilərə qulluq edən (diplomat şərəfini, ləyaqətini ayaqlar altına ataraq) qoca çaqqal üçün artıq heç bir sərhəd qalmayıb.
Sonda isə Kazimirova ünvanlanacaq bəzi məqamlar ortaya çıxır. Kazimirov, siz hər halda özünüzü yaxşı tanıyırsınız. Nə qədər məkrli olsanız da, çox kiçik olduğunuzu bilirsiniz. Amma daha nə qədər çalışsanız da, xeyri yoxdur. Müdrik insanlar həyatlarının sonunda daha ədalətli olmağa, haqqın tərəfini saxlamağa çalışırlar. Siz isə muzdlu agent olduğunuza görə hər cildə girirsiniz və bunu az qala qəhrəmanlıq hesab edirsiniz. Əslində, sizin bütün həyatınız bir tüpürcəyə layiqdir. Çünki siz ləyaqətli həyat yolu seçib yaşamamısınız, amma iki böyük səhvinizi sizə tarix bağışlamayacaqdır.
Birinci səhviniz odur ki, siz Rusiya diplomatı hesab olunduğunuz üçün gərək elə edəsiniz ki, atdığınız addımlar Rusiya ilə Azərbaycan arasında münasibətlərə təsir göstərməsin. Amma çox kiçik olduğunuz üçün bundan narahat deyiləm. Sadəcə olaraq 1992-96-cı illərdə Minsk qrupuna həmsədr olduğunuz üçün unutmamalı idiniz ki, həmsədr vasitəçidir, vasitəçi isə neytral olmalıdır. Bu iradı ləyaqətini saxlaya bilən insana demək lazım olduğunu yaxşı bilsəm də, yenə xatırladıram.
İkinci səhviniz isə odur ki, beynəlxalq və dövlətlərarası münasibətlər sahəsində çox piyadasınız. Təəssüf ki, sizin kimilər var. Nə bu günü görürsünüz, nə də sabahı, dünəni isə tamam unutmusunuz. Yaddaşınız da qalmayıb. Buna görə də bilməlisiniz ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və həmişə belə də olacaqdır. Bu torpaqları sizin kimilərin açıq və gizli dəstəyi ilə ermənilər hələlik işğal altında saxlaya bilirlərsə, bu o demək deyil ki, həmişə saxlayacaqlar. Bu prosesdə siz də avantürist erməni rəhbərləri ilə bir sırada durursunuz. Ermənistanda qalıb yaşayanlara yazığınız gəlmir. Çünki sizin bütün elmi-nəzəri, diplomatik-siyasi biliyiniz bir neçə məkrli postulatdan ibarətdir. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, əslində siz bina əminsiniz. Yeganə arzum budur ki, siz bu torpaqlarda Azərbaycanın suverenliyinin təsdiqini özünüz müşahidə edəsiniz. Bu zaman hansı hissləri keçirəcəksiniz, özünüz bilirsiniz.
Novruz Məmmədov
Digər Xəbərlər
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00