İyunun 10-da Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı, “International Olympiads Center” və Müasir İnnovasiyalar Liseyi tərəfindən 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Uilyam Şekspir” beynəlxalq ingilis dili olimpiadası qaliblərinin təltifetmə mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb: “Azərbaycan xalqı birləşərək, ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı iradəsini ortaya qoyaraq Ümummilli Liderin hakimiyyətə qayıdışını təkidlə tələb etdi. Xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan Heydər Əliyev xalqına və dövlətinə sahib çıxdı. Ulu Öndər uzaqgörən və müdrik siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü ağır vəziyyətdən xilas etdi”.

Tədbirdə “Uşaq himni” səsləndirilib və Milli Qurtuluş bayramı ilə əlaqədar “Səma” rəqs qrupunun ifası təqdim olunub.

“International Olympiads Center”in direktoru Nail Xanməmmədov və Müasir İnnovasiyalar Liseyinin tədris işləri üzrə direktor müavini Faiq Əliyev qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik ediblər.

Sonra qaliblər təltif olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının himni ilə yekunlaşıb.