Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Araz Novruzov 31 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib.
“Unikal” xəbər verir ki, tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan ətraflı söhbət açıb. Bildirib ki, Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz rolu, payı vardır. 32 ilə yaxın inkişaf yolu keçən YAP dövrün, zamanın sınaqlarından şərəflə çıxaraq biri-birindən möhtəşəm uğurlara imza atır. Buna əsas verən partiyanın yarandığı gündən tutduğu yola sadiqliyi, sözü ilə əməlinin birliyidir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası son 20 ildən artıq dövrdə YAP-ın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, qəbul etdiyi qərarlar, irəli sürdüyu təşəbbüslərlə Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın rifah halının yaxşılaşdırılmasına öz töhfələrini verir. 2021-ci ildə tarixi Zəfərimizin reallıqları fonunda VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının həmin ilin sonunda “Biz birlikdə güclüyük!” devizi altında təsdiqlənən yeni Proqramında qarşıdakı dövrün əsas hədəfləri öz əksini tapıb. Hazırda günümüzün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, soydaşlarımızın Böyük Qayıdışının tam tərkibdə başa çatdırılmasıdır ki, bu mühüm müddəa partiyanın yeni Proqramında xüsusi qeyd edilib.
Vüqar Rəhimzadə vurğulayıb ki, Ümummilli Liderin partiyanın yarandığı gündən gələcəyinə böyük inam bəsləyərək irəli sürdüyü “YAP dünənin, bu günün və gələcyin partiyasıdır” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur, YAP-ın keçdiyi inkişaf yoluna bələdçilik edir. Ulu Öndər Heydər Əliyev, eyni zamanda, bu çağırışı etmişdir ki, YAP-a xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir.
YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın hazırda yeni dövrə qədəm qoyduğunu və bu dövrün başlanğıcının məhz bu ilin fevral ayında keçirilən növbədənkənar prezident seçkiləri olduğunu önə çəkib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin inamlı qələbəsi Azərbaycanın, partiyanın həyatında yeni dövrün əsası kimi dəyərləndirilir. Dövlətimizin başçısı andiçmə mərasimində bu əminliyi ifadə etdi ki, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Yeni dövr uğurla başlayır. Uğurla da davam edəcək.
“Təbii ki, hər yeni dövrün öz hədəfləri vardır” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycan ən islahatçı ölkə kimi dünyanın diqətindədir. Dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar prosesi ölkəmizin daha da qüdrətlənməsinə xidmət edir. Yeni Azərbaycan Partiyası bu islahatlar prosesinə daim öz töhfəsini verməyə səy göstərir.
YAP Xətai rayon təşkilatının sədri partiya sıralarının genişlənməsindən, yeni üzvlərin qəbul olunmasından geniş bəhs edib. Bildirib ki, bu, Heydər Əliyev ideyalarına sadiqliyin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəyin aydın ifadəsidir. Heydər Əliyev ideyaları Azərbaycanın dünəninin, bugününün və sabahının əsasıdır. Bu ideyalar daim Azərbaycanı zirvələrə doğru aparır.
Tədbirdə çıxış edən YAP üzvləri Ulduzxan Abdullayev və Aytən Əliyeva qalib ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının uğurlarından, yeni-yeni hədəflərə doğru inamla addımlamasından bəhs ediblər. Diqqətə çatdırıblar ki, yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan YAP-a milyonların sevgisi şəksizdir.
Sonda YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük vəsiqəsi təqdim edilib.