“Oğlum Ceyhun Hüseynovun tərxis olunmasına 20 gün qalmışdı. Hərbi xidməti bitirib, evə gələcəkdi”.

"Unikal" xəbər verir ki, bu sözləri globalinfo.az-a açıqlamasında Naxçıvanda Günnüt yaşayış məntəqəsi istiqamətində itkin düşən hərbçimizin atası Tofiq Hüseynov deyib.

O, oğlunun ali təhsilli olduğunu bildirib:

“Ceyhun 16 noyabr 1999-cu ildə Bakı şəhərində anadan olmuşdu. Özümüz əslən Ordubad rayonundanıq. Oğlum o qədər savadlı idi ki, orta məktəbi qızıl medalla başa vurmuşdu. ADA Universitetində təhsil aldıqdan sonra Təl-Əvivdə magistratura təhsilini bitirdi”.

Tofiq Hüseynov qardaşının da şəhid olduğunu deyib:

“Ceyhun adını daşıdığı əmisi Hüseynov Ceyhun Tahir oğlu 1994-cü ildə Talış kəndi uğrunda döyüşərkən şəhid olub”.

Qeyd edək ki, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında tapılıb.

Onun Ordubad rayonunda dəfn olunacağı bildirilib.