Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Murdov Yaponiyaya səfəri çərçivəsində Parlament Kitabxanasında (Milli Kitabxana) olub. 

"Unikal" xəbər verir ki, kitabxana rəhbərliyi qonağa müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 1948-ci ildə yaradılan Yaponiya Milli Kitabxanası dünyanın ən böyük kitabxanalarından biridir. Hazırda kitabxananın fondunda olan kitabların sayı 42 milyona yaxındır.

Komitənin fəaliyyətindən söz açan sədr xaricdə yaşayan azərbaycanlıların milli kimliyini və ana dilini unutmaması üçün görülən işlərdən, Azərbaycan mədəniyyətinin təbliği məqsədilə həyata keçirilən layihələrdən söz açıb. Daha sonra komitənin dəstəyi ilə buraxılmış kitab və disklər kitabxanaya hədiyyə olunub.

Komitə sədri səfər çərçivəsində Yaponiyada yaşayan azərbaycanlı, Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçısı Fuad Bağırovun evində qonaq olub. Yaponiyalı xanımla evli olan soydaşımızın yaşayış şəraiti və fəaliyyəti ilə maraqlanan sədr ona və ailə üzvlərinə hədiyyələr təqdim edib.

***11:07

Yaponiyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyində olub.

"Unikal" xəbər verir ki, nazir müavini xanım Honda Akiko ilə görüşdə son illər Yaponiyada təhsil alan azərbaycanlıların sayının ildən-ilə artmasından məmnunluq ifadə olunub, onların bu ölkənin böyük şirkət və müəssisələrində təcrübə keçməsinin Azərbaycana peşəkar mütəxəssislər qazandıracağını vurğulayıb. Səfər zamanı həmin tələbələrlə də görüşdüyünü xatırladan sədr komitənin gənclərlə, xüsusən xaricdə alan tələbələrlə bağlı həyata keçirdiyi layihələrdən söz açıb, təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsinin və tələbə-təcrübə mübadiləsinin hər iki ölkənin maraqlarına uyğun olduğunu söyləyib.
Görüşdə Azərbaycanın Yaponiyadakı səfiri Gursel İsmayılzadə də iştirak edib.

Komitə sədri Yaponiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Akira Amari ilə də görüşüb. Görüşdə ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub. Səfərin məqsədi və komitənin fəaliyyəti barədə məlumat verən sədr dövlətlərarası münasibətlərdə diasporun güclənən rolundan, Yaponiyada təhsil alan azərbaycanlıların sayının getdikcə artmasından danışıb, Akira Amarini Azərbaycana səfərə dəvət edib.

Daha sonra parlament binası ilə tanışlıq olub.