13 iyun 2024-cü il tarixdə Suraxanı rayonu "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda YAP Suraxanı Rayon Təşkilatının və Naxçıvan Muxtar Respublikasının Bakı Şəhərində Daimi Nümayəndəliyinin birgə təqdimatında Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə “Ulu Öndər və Azərbaycan Xalqının Milli Qurtuluş Fəlsəfəsi” adlı tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri, Bəxtiyar Əsgərov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri, YAP-ın Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov, digər rəsmi qonaqlar və Suraxanı rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonunda ucaldılmış abidəsi rəsmi qonaqlar tərəfindən ziyarət edilib, abidənin önünə tər güllər düzülüb. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. 

Daha sonra tədbirdə Naxçıvan Televiziyası tərəfindən hazırlanmış “Ömrün Naxçıvan Aşırımları” filmlər silsiləsindən olan “Sessiya” adlı sənədli film və Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri, YAP-ın Təftiş Komissiyasının üzvü, dosent, fəlsəfə doktoru Sadiq Qurbanovun  “Dünya və Azərbaycan Siyasətində Heydər Əliyev Kursu” adlı kitab Suraxanı rayon ictimaiyyətinə təqdim olunub.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra həm daxili amillər, həm də xarici qüvvələrin təsirindən dövlətçiliyimizin bütün dayanaqları sarsılmışdır. Lakin 1993-cü ilin iyun ayı Azərbaycan xalqının müstəqil xalq, dövlət kimi yaşaması və inkişaf etməsi üçün yeni bir mərhələnin, dövrün başlanğıcı olmuşdur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə xalqın təkidli tələbi ilə qayıtması, Yeni Azərbaycan Partiyasının yaradılması və hakim partiyaya çevrilməsi, ölkəmizin tənəzzüldən tərəqqiyə doğru addımlaması bugünkü qələbələrin çarçısı olub. 

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək dedi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarlıq missiyasına məhz Naxçıvandan başlayıb. Naxçıvanın çətin vaxtlarında əvəzedilməz sərkərdənin qayıdışı Azərbaycanda müstəqillik uğrunda mübarizədə özünün yeni mərhələsinə qədəm qoymasına səbəb oldu. Ulu Öndərin gəlişi yalnız dövlətçiliyimizi deyil, xalqımızı da düşdüyü burulğandan xilas etmişdir. Bu gün əldə olunan tarixi zəfərlərin əsası Qurtuluş günü və Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəlişi ilə bağlıdır. Məhz onun atdığı cəsarətli addımlar, verdiyi tarixi qərarlar nəticəsində xalqımız böyük nailiyyətlər əldə edə bilib. 

Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri, YAP-ın Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov çıxış edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyev zamana sığmayan liderdir. Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi bütün dövrlər üçün aktualdır. Çətin vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü.

Respublikanın Əməkdar artisti, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov bildirdi ki, Ümumilli lider Heydər Əliyevin xalqımızın müstəqillik tarixində misilsiz rolu olmuşdur. Dövlətçilik sahəsində işləyib hazırladığı layihələr, tədbirlər, islahatlar bu gün də öz bəhrəsini verməyə davam edir. Heydər Əliyevin xalqına göstərdiyi xidmətlər yalnız müstəqillik dövrü ilə məhdudlaşmır, həmçinin sovet dövrünü əhatə edir. Ulu Öndər Daim xalqının qurtuluşu, rifahı naminə ciddi addımlar atmış və Azərbaycan xalqını xilas etmişdir.

Sonda uzun illər YAP Suraxanı rayon təşkilatında səmərəli fəaliyyət göstərən bir neçə partiya üzvü təltif olunub. 

YAP Suraxanı rayon təşkilatı və Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyinin birgə təqdim etdiyi “Ulu Öndər və Azərbaycan Xalqının Milli Qurtuluş Fəlsəfəsi” adlı tədbir Yeni Azərbaycan Partiyasının himninin səslənməsi ilə başa çatıb.