Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Balaxanı Əməliyyat Şirkətinin (BOC LTD) birgə təşkilatçılığı ilə “Müzəffər Ali Baş Komandan-Xalq-Ordu birliyi” adlı dəyirmi masa keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə şəhidlərin xatirə kompleksi ziyarət olunub, önünə tər güllər düzülüb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən giriş nitqi ilə çıxış edən Balaxanı Əməliyyat Şirkətinin prezidenti Rövşən Rzayev bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı: “Ordu sahəsində ən böyük uğurlardan biri Ulu Öndərin 1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olması idi. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı”.

YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, 2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad etdi. Müzəffər Ali Baş Komandan-Xalq-Ordu birliyi Azərbaycanın hərbi və siyasi qələbəsini təmin etdi, regionda yeni dövrün başlanğıcını qoydu.

Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclüsünə çevirdi. Son 20 ildə Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində 44 gündə mümkünsüzü mümkün edən güclü Azərbaycan Ordusu 30 illik torpaq həsrətinə son qoyaraq, Zəfərə nail oldu.

Daha sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ədalət Teymurov, neftçilərdən Şaiq Bəkirov və Kərim Aşurov ordumuzun istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından Azərbaycanın dünyada nümunəvi dövlət olaraq qəbul edildiyini bildiriblər.