Dezinformasiyaya qarşı mübarizə baxımından Şuşa Qlobal Media Forumu böyük əhəmiyyətə malikdir.
"Unikal" xəbər verir ki, bunu trend-ə forumda iştirak edən “Visions of Azerbaijan” jurnalının redaktoru İan Peart deyib.
O qeyd edib ki, bu gün dezinformasiya dünyada geniş vüsət alıb. “Qərb mediasını çox izləyirəm, necə yazırlar, bəzən də insanının ağlamağı gəlir. Xüsusən Ermənistanla münaqişə zamanı baş verənləri təhrif etmələri sadəcə inanılmazdır. Mən bəzən Qərb mediasına yazırdım ki, gəl bura, Azərbaycana bax, yoxla, sadəcə kopyalayıb yapışdırmayın, dedikləriniz doğru deyil, dəqiq deyil”, - deyə o bildirib.
İ.Peart əlavə edib ki, dünyanın hər yerindən jurnalistləri bu məsələni müzakirə etmək üçün dəvət etmək çox vacibdir. “Çünki mən bu dezinformasiyanın necə davam etdiyindən çox narahatam”, - deyə o əlavə edib.
Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndələrinin qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.