Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Naxçıvan Bank” ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bankın bazasında yaradılmış “E-Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
Bu qərar yenidən ölkədə digər bankların bağlanıb-bağlanmayacağı sualını gündəmə gətirib.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, təsdiqlənmiş məlumatlara görə “Naxçıvan Bank”ın likvid aktivlikləri kreditor öhdəliklərini bir neçə dəfə üstələyib:
“Bu isə bankın maliyyə hesabatlarının qənətbəxş olduğunu deməyə əsas verir. Bununla belə, “Naxçıvan Bank”ın lisenziyasının ləğv edilməsi və bank olmayan kredit təşkilatına çevrilməsi ilə bağlı verilən qərarın səbəbi kimi məhz maliyyə problemləri göstərilmir.
“Naxçıvan Bank”ın BOKT-a çevrilməsinin bankın səhmdarları tərəfindən verilmiş biznes qərarı olduğu bildirilir. Başqa sözlə, bu, bilavasitə səhmdarlar tərəfindən verilmiş qərardır".
Ekspert vurğulayıb ki, bankla BOKT arasında fərq həddindən artıq çoxdur:
"Bankın öhdəlikləri, funksionallığı və iş prinsipi daha mürəkkəbdir. BOKT isə əsasən kredit fəaliyyəti ilə məşğul olur. Eyni zamanda, banklarla BOKT-ların nizamnamə kapitalları arasında da ciddi fərqlər var.
Bunlarla yanaşı, “Naxçıvan Bank”ın kredit və depozit portfelinə baxsaq görərik ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il kifayət qədər azalmalar var.
Bütün hallarda bankların bağlanmasını müsbət hal kimi qarşılamıram. Bu, heç də yaxşı hal deyil. Bankların bağlanması əhalinin bank sektoruna olan inamına pis təsir göstərir. Digər tərəfdən, əgər bu problem varsa, düşünürəm ki, bunu digər yollarla da həll etmək olar.
Təbii olaraq, “Naxçıvan Bank”la bağlı qərarın arxasında birbaşa Mərkəzi Bank dayanmır. Yəni, səhmdarlar tərəfindən verilmiş qərar əsasında bu addım atılıb".
Eldəniz Əmirov növbəti mərhələdə Azərbaycanda daha hansı bankların bağlanıb-bağlanmayacağı barədə suala isə belə cavab verib:
"Bəzi banklar maliyyə hesabatları qənaətbəxş olmadığına görə bağlanır, amma “Naxçıvan Bank”da maliyyə vəziyyəti qənətbəxş olsa belə, səhmdarlar bankın bağlanması barədə qərar veriblər.
Bu onu deməyə əsas verir ki, banklar yalnız maliyyə vəziyyəti ilə bağlı yox, həmçinin fərqli səbəblərdən də bağlana bilər. Səhmdarların istəyi də bankların bağlanmasına gətirib-çıxara bilir.
Bu vəziyyət isə növbəti hansı bankın səhmdarlarının belə qərar verəcəyini deməkdə çətinlik yaradır. Ona görə də, növbəti mərhələdə hansı bankın bağlanıb-bağlanmayacağına dair proqnoz söyləmək praktik olaraq mümkün deyil. Hansı bankın səhmdarlarının sabah hansı qərarı verəcəklərini demək çətindir”.
Murad İbrahimli