Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, məcburi köçkünlərin doğma yurda qayıdışının təmin edilməsi istiqamətində məqsədyönlü, genişmiqyaslı tədbirlərin həyata keçirildiyi vurğulunaıb. Bir daha qeyd olunub ki, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, Böyük Qayıdışla bağlı tədbirlərin icrasının daim nəzarətdə saxlanılması öz ata-baba yurduna qayıtmağa hazırlaşan məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur.
Kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramının prioritet istiqamətləri üzrə tədbirlərin, o cümlədən təbliğat-izahat, məlumatlandırma və maarifləndirmə tədbirlərinin icrası, işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə köçürülmənin gedişi, komitənin elektron məlumat bazasının təkmilləşdirilməsi, elektron sənəd dövriyyəsi, Mənzil İstismar Departamentinin balansında olan mənzil fondunun istismar vəziyyəti barədə məsələlər müzakirəyə çıxarılıb. Müvafiq struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, Böyük Qayıdışın effektiv təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır.
İclasda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.