“Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayevin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işinə hakim təyin olunub.
“Unikal”ın məlumatına görə, 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə təqsirləndirilən şəxs Hüseyn Abdullayevin cinayət işinin hazırlıq iclası avqust ayının 15-də hakim Azər Tağıyevin sədrliyi ilə araşdırılacaq.
Belə ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, Abdullayev Hüseyn Abbas oğlu və qeyriləri tərəfindən bir sıra Avropa ölkələrində külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasına dair xarici ölkələrin aidiyyəti orqanlarından daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun aidiyyəti idarəsində araşdırmalar aparılmış və daxil olmuş materiallar İstintaq İdarəsinə təqdim edilməklə istintaq yolu ilə araşdırılıb.
İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Hüseyn Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə həbs edilib.
Ona dələduzluq maddəsi ilə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hazırda həbsdədir.
Seymur Əli