Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Bakı-Sumqayıt yolunda iki avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsləri ziyarət edib.
"Unikal" xəbər verir ki, şəhər rəhbəri Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gələrək xəsarət alanlara göstəriən ilkin yardımla tanış olub, müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. O, 2006-cı il təvəllüdlü Ağayeva Məryəm Maqsud qızıdır. Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub