“Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarının qalibi olan Azərbaycan cüdoçusu Hidayət Heydərov müəllimi Tərlan Həsənovla görüşüb.
"Unikal" xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində qalib olan idmançımız qazandığı qızıl medalı müəllimin boynundan asıb.
Qeyd edək ki, Hidayət 6 yaşında cüdo ilə məşğul olmağa başlayanda onun müəllimi məhz Tərlan Həsənov olub. Hazırda o, təqaüddədir.
Tərlan Həsənov Hidayətin qələbəsindən sonra açıqlamasında demişdi:
"İki il bundan əvvəl mənə “Şöhrət” ordeni veriləndə, cənab nazirə dedim ki, Olimpiya çempionu verməsəm, dünyadan köçməyəcəm. Dünən gecə saat 3-də Hidayət mənə zəng etdi. Dedi, müəllim, cənab Prezidentin zəngini gözləyirdim, ona görə telefonu çox məşğul edə bilmirdim. Dedi ki, sizə verdiyim sözü tutdum. Bu, əsl xarakter göstəricisidir. Hidayət bu uğurla məni 21 il cavanlaşdırdı".