"Bakıxanov" çörək zavodunda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxs Elşən Məmmədovun cinayət işi üzrə məhkəməsi başlayıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra dövlət ittihamçısı Vüsal Mehrəliyev işin baxışa verilməsini məhkəməyə təklif edib.
Təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq müvəkkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Məhkəmə qısa müşavirədən sonra vəkilin vəsatətini təmin etməyib və işin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmənin ilk baxış iclası avqustun 23-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Bakıxanov qəsəbəsində 1990-cı il təvəllüdlü Etibar Salamzadə işlədiyi "Bakıxanov" çörək zavodunda iş yoldaşı Elşən adlı şəxslə mübahisə edib.Daha sonra hər iki tərəf zavoddan çıxaraq küçədə əlbəyaxa dava ediblər. Elşən Məmmədov Etibar Salamzadəyə bıçaq zərbələri endirib. Yaralı Etibar Salamzadə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Elşən Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli