Son ana kimi mübarizə apardıqlarına görə futbolçularımla fəxr edirəm. Azarkeşlərimizə də verdikləri dəstəyə görə minnətdaram.

"Unikal" xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” klubuna penaltilər seriyasında qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis penaltilər seriyasında 5 topdan 4-nü dəf edən qapıçı Tiaqo Silva barədə danışıb: "Şerif" (Moldova) ilə oyunun penaltilər seriyasında Tiaqonun çıxışından razı qalmamışdım. Amma o, bu gün böyük hünər göstərdi. Bunu bacarmaq elə də asan iş deyil".

O, pley-off mərhələsində qarşılaşacaqları Kiprin "Omoniya" klubu haqqında da fikirlərini bölüşüb: "Düzü, komanda haqqında məlumatım yoxdur. “Fehervar"la (Macarıstan) keçirdikləri matçı izləmişəm. Üstünlük əldə ediblər. Bu da onların güclü rəqib olduğunu göstərir. Müəyyən qədər avrokubok təcrübələri var. Görünür ki, bizim kimi onlar da qrupa düşmək istəyirlər. Biz də qələbə üçün əlimizdən gələni edəcəyik".