Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar onların şəxsi kabinetlərinə göndərilib. Sentyabrın 9-dan etibarən sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.

Bu barədə "Unikal"a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

Xatırladaq ki, test imtahanlarında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına 35 faiz əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

2023-cü ildə təşkil olunmuş sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində 21 min 883 müəllim iştirak edib. Onlardan 21 min 784 (99,5 faiz) nəfəri uğur qazanıb.