Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan anlaşma memorandumu imzalanıb.
"Unikal" xəbər verir ki, bu barədə BP məlumat yayıb.
Birinci blok Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən "Qarabağ" neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud Risk Xidməti Sazişi (RXS) var. Hazırda SOCAR RXS-də 100 % iştirak payına malikdir.
İkinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən Əşrəfi - Dan Ulduzu - Aypara (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud saziş (HPBS) var. Hazırda SOCAR həmin HPBS-də iştirak payının 100 %-nə malikdir.