Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Rəşid İsmayılov küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1972-ci il təvəllüdlü İsrayılov Eldəniz İsrayıl oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.