"Sabah çox vacib oyuna çıxacağıq".
"Unikal" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda İsveçin “Malmö” klubuna qarşı keçirəcəkləri II tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, özünəməxsus oyun üslubu olan komandaya qarşı mübarizə aparacaqlarını bildirib: "Azarkeşlərimizi sevindirmək istəyirik. Oyuna hazırlaşmağa vaxtımız az olub. Zədəli Mateus Silva bir neçə matçda komandaya kömək edə bilməyəcək. Marko Yankoviçlə bağlı qərarı isə sabah verəcəyik. Hələlik 60-65 dəqiqə oynamağa hazırdır".
Mütəxəssis "Malmö"nün böyük təcrübəyə malik olduğunu söyləyib: "Rəqibimiz İsveçin digər komandalarından fərqlənir. Ümumiyyətlə, skandinaviyalılar fiziki futbola daha çox üstünlük verirlər. Bəlkə sabah öz oyun tərzimizdən kənara çıxdıq. Avrokuboklarda mübarizə aparan hər bir komanda ciddi rəqibdir. Bu cür turnirlərdə gözlənilməz nəticələrə rast gəlmək olur".
Q.Qurbanov ötən mövsüm İsveçin "Yurqorden" komandasında çıxış etmiş Musa Qurbanlıdan "Malmö" barədə informasiya aldığını deyib: "Lakin Musanın sabah start heyətində meydana çıxıb-çıxmayacağını indidən deyə bilmərəm".
Baş məşqçi qapıçı seçimini də oyun günü edəcəyini vurğulayıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Malmö" oyunu saat 20:45-də başlayacaq.