Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyevin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinət müəyyən edilib. Sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlər dövlətin bu dəstəyindən yararlana bilirlər.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zərurliyi məsələləri də ətraflı izah edilir.
Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı haqqında hazırlanmış videoçarx Cəbrayıl şəhərinə ilkin mərhələdə köçürüləcək məcburi köçkünlər üçün nümayiş etdirilib.
Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.